"Dünyaya yalanı utanmadan üfürən bir millətin və dövlətin təmsilçisinin davranışları qarşısında soyuqqanlılığı qorumaq çox ağırdır. Bu gərgin psixoloji duruma rəğmən erməni həyasızlıığına qarşı həqiqətləri dünyaya hayqırmaq missiyasını Azərbaycan Prezidenti cənab İlham Əliyev yüksək səviyyədə yerinə yetirdi".
Bu barədə "Sherg.az"a millət vəkili Fazil Mustafa bildirib. Deputat qeyd edib ki, Azərbaycan Prezidenti istər tarixi aspektdə, istər də beynəlxalq hüququn tələbləri müstəvisində erməni tezislərini dağıda bildi:
"Ən əlverişsiz situasiya isə keçmiş prezident Ayaz Mütəllibova istinad edilən Xocalı soyqırımının "guya azərbaycanlılar tərəfindən törədilməsi" barədə Paşinyan fikir səsləndirdikdə yarandı. Buna da prezidentimiz çevik və dəqiq cavab verə bildi. Bildirdi ki, "Arqumentı i faktı" qəzetində çox sayda ermənilərin çalışması bir faktdır və bu ifadəni də onlar qəsdən tirajlayıblar. Mütəllibovun belə bir ifadə işlətmədiyini vurğuladı. Xankəndinin Stepanakert adlandırılmasının da bu şəhərin ermənilər üçün yeni olmasından qaynaqlandığını maraqlı arqument olaraq xatırlatdı. Ən əsası da odur ki, işğal olunmuş ərazilərlə bağlı Azərbaycanın prinsipial mövqeyini təkrar-təkrar dünyaya bəyan etdi. Bu cür görüşlərdə nəzərdə tutulan çərçivə hər bir gerçəyi detalları ilə çatdırmağa imkan verməsə də, ölkə prezidenti mümkün olandan daha artığını edə bildi".
Məlumat üçün bildirək ki, dünən Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr keçirilib. Müzakirələrdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan iştirak ediblər. Müzakirə zamanı Azərbaycan Prezidenti İlham Əliyev N.Paşinyanı gerçək tarixə söykənən faktlarla susdurub.