Koronavirusun dünyada sürətlə yayılması bir çoxlarının biznesi üçün “münbit şərait” yaradır. Belə ki, təhlükəli vəziyyəti fürsət bilən işbazlar maskaların qiymətini dəfələrlə qaldırırlar. Bu tendensiya Azərbaycanda da müşahid olunur. Vaxtı ilə “donuz qripi”, “quş qripi” zamanı olduğu kimi maskalar yenə də ən çox alınan və dəfələrlə baha qiyməət satılan vasitələr sırasındadır.
Dünəndən etibarən Bakıdakı apteklərin əksəriyyətində əvvəl 10 qəpiyə satılan tibbi maskalar bu gün 30, bəzən də 50 qəpiyə təklif olunur. Alıcı qiymətə etiraz etdikdə isə “hələ bunu tapdığına şükür et” cavabı il üzləşir.
“…Cəzalandırılacaqlar”
Tibbi maskaların qiyməti ilə bağlı İqtisadiyyat Nazirliyi açıqlama yayıb. Açıqlamada deyilir:
“Məlum olduğu kimi, son zamanlar koronavirusla bağlı dünyada tibbi maskalara tələbat artıb. Azərbaycana tibbi maskalar xarici ölkələrdən idxal olunur. Bu ölkələrdə qiymət artımı Azərbaycanda da tibbi maskaların pərakəndə satış qiymətinə təsir edib. Bununla belə, istehlak bazarında baş verən qiymət dəyişiklikləri ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən müvafiq araşdırmalar aparılır və qiymətlərdə süni artım müəyyən edildiyi halda qanunvericiliyə uyğun tədbirlər görüləcək”.
Natiq Cəfərli: “Əgər aptekin firma ilə və ya aptektlər şəbəkəsi ilə hansısa sövdələşməsi aşkarlanarsa, onda həmin aptek müdiri cərimələnir”
İqtisadçı-ekspert Natiq Cəfərli isə Sherg.az-a deyib ki, biznesmenlər həmişə belə situasiyalardan istifadə etməyə çalışırlar:
“Bir neçə ay əvvəllə müqayisədə, indi maskaya tələbat dəfələrlə artıb. Əlbəttə, biznesmenlər bundan istifadə etməyə çalışırlar. Necə deyərlər, təhlükə özü gəlmədən onun xəbəri çatır və bu da ajiotajla nəticələnir”.
Ekspertin sözlərinə görə, maskanı baha qiymətə satan apteklər iki halda cərimələnə bilərlər:
“Əgər aptekin firma ilə və ya aptektlər şəbəkəsi ilə hansısa sövdələşməsi aşkarlanarsa, onda həmin aptek müdiri cərimələnir. O, hətta Cinayət Məcəlləsinə uyğun olaraq məsuliyyətə cəlb oluna bilər. Aptek fərdi qaydada qiyməti bahalaşdırdıqsa isə daha çox vergi ödəməlidir. Yox, qiyməti bahalaşdırıb, vergini əvvəlki qiymətlə ödəyirsə, bu, yenə də qanun pozuntusudur. Odur ki, aptek müdirləri diqqətli olmalıdırlar”.
N.Cəfərlinin fikrincə, mövcud vəziyyətdən ən yaxşı çıxış yolu iqtisadi üsuldur:
“İqtisadi rəqabətlilik qiymətlərin bahalaşmasının qarşısını ala bilər. Əgər aptektlər alıcı üstündə bir-birləri ilə rəqabətə girərlərsə, qiyməti stabil saxlamağa məcbur olacaqlar. Ümumiyyətlə gərək bazarda hərəkət olsun ki, alıcı da qazansın, satıcı da”.