Ümumi təhsil müəssisələrində sanitar-epidemioloji vəziyyətə nəzarət gücləndirilib, dezinfeksiya işləri və qabaqlayıcı tədbirlər həyata keçirilir.
Oxu.Az-ın məlumatına görə, Bakı Şəhər Dezinfeksiya Stansiyasının bölmələri tərəfindən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 160 ümumi təhsil müəssisəsində koronavirusa qarşı dezinfeksiya işləri aparılıb.
Digər təhsil müəssisələrində isə dezinfeksiya işlərinin aparılması davam etdirilir.
Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə Bakı Şəhər Dezinfeksiya Stansiyasının bölmələri arasında bağlanılmış müvafiq müqavilələr əsasında idarənin tabeliyindəki təhsil müəssisələrində dezinfeksiya işləri mütəmadi xarakter daşıyır və sanitar gigiyenik vəziyyət nəzarətdə saxlanılır. Həmçinin, mövsümi virusların yayılma ehtimalına qarşı ənənəvi olaraq təhsil müəssisələrində profilaktiki tədbirlərin aparılması sürətləndirilib.
Onu da qeyd edək ki, Təhsil Nazirliyinin 24 fevral 2020-ci il tarixli təlimati məktubunun tələblərinə əsasən, məktəblərdə keçirilən kütləvi tədbirlər və ekskursiyalar məhdudlaşdırılıb.
Məktəb həkimləri tərəfindən mövsümi respirator xəstəlik əlamətləri müşahidə olunan şagirdləri ərazi üzrə poliklinikalara yönləndirilir. Eləcə də, tibb otaqlarının zəruri tibbi vasitələrlə təchiz olunmasına nəzarət artırılıb.