Sadə gigiyena qaydalarına əməl edilməlidir

Çöldə - bayırda açıq havada satılan yeməklərdən uzaq durun

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev şəhərdəki kütləvi toplaşma yerlərində (çay evləri, restoranlar, şadlıq sarayları, əyləncə mərkəzləri…) vacib olan önləyici tədbirlər barədə “Şərq”ə danışıb: 

- Əsas məsələ virusdan qorunmaqdır. İctimai yerlər, ictimai nəqliyyat, məktəblər və s. insanların kütləvi cəmləşdiyi məkanlar virusa qarşı dezinfeksiya edilir. Öz obyektlərini dezinfeksiya etmək üçün özəl şirkətlərə müraciət edən obyektlər yaxşı olar ki, bu dezinfeksiya işlərini aparan şirkətlərin etibarlı və dayanıqlı bir şirkət olmasına əmin olsunlar.



Onların istifadə etdikləri kimyəvi tərkibli maddələrin uyğunluq sertifikatlarının olmasına diqqət etsinlər. İstənilən virusdan qorunmaq üçün ictimai məkanlar birinci növbədə ildə 2 dəfə obyekti dezinfeksiya etməli, obyektdə sanitariya-gigiyena qaydalarına ciddi riayət etməli, içərinin havalandırma sistemləri olmalı və daim işlək vəziyyətdə olmasına nəzarət etməli, təmizliyə, səliqə-səhmana diqqət yetirilməli, işçiləri ildə bir dəfə həkim  müayinəsindən keçirməsinə şərait yaratmalıdır.

İnsanlar da özlərini bu cür viruslardan qorumaq üçün əhalinin sıx olduğu məkanlara ehtiyac olmazsa getməməli, əllərini hər kəsin istifadə etdiyi tutacaqlardan tutduqdan sonra (qapının dəstəyi, ictimai nəqliyyatda tutacaq, liftlərdə düymələr və s.) yumalı, şəxsi gigiyena qaydalarına əməl etməli, qəbul etdiyi qidaların keyfiyyətinə əmin olmalı, çöldə - bayırda açıq havada satılan yeməklərdən uzaq durmalı, özünə aid olmayan geyimləri, aksesuarları istifadə etməməklə özünü viruslardan qorumaq olar.