Altun: Aİ-nin Türkiyə ilə birlikdə hərəkət etməməsi bugünkü vəziyyətə gətirib çıxardı


Misli görünməmiş qaçqın böhranıyla əlaqədar olaraq Avropa İttifaqının (Aİ) Türkiyə ilə birlikdə hərəkət etməməsi bugünkü vəziyyətə gətirib çıxardı.

 Trend xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun "Twitter" hesabında etdiyi paylaşımında, Yunanıstanın qaçqınlar üçün müvəqqəti qoruma statusunu dayandırdığını söyləyib:

"Bu proses çıxılmaz vəziyyətdə qalan qaçqınlara köməklik göstərilməsi məsələsində fiasko olmaqla yanaşı, beynəlxalq normalardan və Avropa İttifaqının əsas prinsiplərindən imtina etmək mənasına gəlir. Yunanıstanın sərhədlərində və Egey dənizindəki qaçqınlara münasibəti və suriyalılara müvəqqəti qoruma statusu verməməsi Avropanın öz dəyərlərinə və prinsiplərinə qarşı müharibə elan etməsindən başqa bir şey deyil. Bizə bu dəyərlərlə bağlı bir daha məruzə oxunduğu zaman bu dəyərləri xatırladacağıq."

Türkiyənin Suriyada bir çox kimyəvi silah obyektlərini hədəf aldığına diqqət çəkən F.Altun qeyd edib ki, bu obyektlerin mövcudluğu beynəlxalq birliyin bu günə qədər necə aldadıldığının bir sübutudur:

"Dünya laqeyd münasibətini bir kənara qoyaraq bu qatil rejimə qarşı sözün əsl mənasında hərəkətə keçməlidir. Əsəd rejiminə qarşı bu günədək heç bir ciddi sanksiya tətbiq edilməməsi, bu kimyəvi obyektlərin fəaliyyət göstərməsinə imkan yaratdı. Rejim böyük şəhərləri insanlardan təmizləmək üçün mülki şəxslərə qarşı kimyəvi silah istifadə etməkdən çəkinmədi.

Aİ İdlibdə milyonlarla insan bombalandığı zaman deyil, bir neçə yüz qaçqın sığınacaq üçün qapılarına yığışdığı zaman təcili toplaşmağa qərar verdi. Aİ daha böyük regional böhranı müzakirə etmək üçün ciddi bir gündəm mövzusuyla toplaşmalıdır. Misli görünməmiş qaçqın böhranıyla əlaqədar olaraq Aİ-nin Türkiyə ilə birlikdə hərəkət etməməsi bu günkü vəziyyətə gətirib çıxardı. Aİ 2015-ci il tarixli müqaviləni tamamilə yerinə yetirməyərək, Türkiyəni tək başına buraxdı və qaçqınların Avropaya yönəlməsinin qarşısını alacağımızı ümid etdi. Biz artıq bunu etməyəcəyik."

Altun Avropanın əsrin ən ciddi təhdidi olan köç böhranı mövzusunda hərəkətə keçməli olduğuna işarə edərək, "Problem sığınacaq istəyən minlərlə qaçqının girişinə mane olaraq həll edilə bilməz. Daha əhatəli həll yolları tapmaq nöqtəsində Türkiyə ilə birlikdə hərəkət etməyə başlayaraq və bu həll yolları Avropada səfərbər edilərək ilk addım atıla bilər. Türkiyə, mülki vətəndaşları qorumaq adına təkcə son bir neçə həftədə belə beynəlxalq birliyin 9 ildə etdiyindən daha çox şey bacardı. Rejimin öz xalqına qarşı alçaq hücumlarını ortaya çıxardıq və bütün bunların uzun müddət əvvəl dayandırıla biləcəyini göstərdik" - deyə bildirib.

F.Altun Türkiyənin hər zaman məzlumun yanında yer aldığını və Suriyada etdiklərinin də tam olaraq bu olduğunu xüsusilə vurğulayıb: "Xalqımız son 9 ildə çox böyük fədakarlıqlar edib və hələ də etməyə davam edir. Qərb müttəfiqlərimiz isə bizə ciddi bir dəstək verməməyə davam edir. Lakin biz yenə də məzlumların son ümidi olmağa davam edəcəyik. Türkiyənin İdlibdə keçirdiyi əməliyyatın məqsədi, bəşəri böhranı dayandırmaqdır. Bu əməliyyatla eyni zamanda Suriyanın ərazi bütövlüyünün təmin edilməsi də nəzərdə tutulur. Türkiyənin Suriyadan torpaq əldə etmək kimi bir düşüncəsi yoxdur. Sadəcə olaraq yenidən qaçqın axını yaşanmasının qarşısını almaq, sabitlik və sülh yaratmaq istəyirik."