Panika olmaz! - “Gündəlik həyatınızı yaşayın!"     

Bu gün bütün dünya koronavirus təhlükəsi ilə mübarizə aparır. Bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da profilaktik tədbirlər həyata keçirilir. Ölkəmizdə bütün mümkün qabaqlıyıcı tədbirlər görülür, operativ addımlar atılır. ÜST də bütün bu təşəbbüsləri müsbət qiymətləndirir. 

Vəziyyəti və görülən işləri “Sherg.az”a dəyərləndirən BDU-nun Jurnalistika fakültəsinin professoru Qulu Məhərəmli düşünür ki, panikaya qapılmaq olmaz:

“Koronavirus planetdə ekstremal vəziyyət yaradıb. Bununla belə həddindən çox həyəcanlanmaq düzgün deyil. İnsanlar gündəlik həyatlarını yaşamalıdırlar. Lakin koronavirus təhlükəsini nəzərə almaq lazımdır”. 

 Professorun fikrincə, belə situasiyalarda medianın üzərinə xüsusi yük düşür:

“Sosial şəbəkələrdə müxtəlif məlumatlar yayılır. Bununla bərabər professional mətbuat da məsələyə həssas yanaşır. Düşünürəm ki, indi bizim informasiayadan daha çox, maarifləndirməyə, o cümlədən peşəkar həkim tövsiyələrinə ehtiyacımız var. Hökumətin atdığı addımlar, məhdudlaşdırmalar kifayət qədər normaldır. Gərək  vətəndaşlar da bir az məsuliyyətli olsunlar”.