Bayram günlərində bölgələrdən Bakı, Sumqayıt və Abşerona girişin qadağan edilməsi ilə 3 yerdə yol polisi postları quraşdırılacaq.
Bu barədə Trend-ə açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.
Onun sözlərinə görə, artıq həmin postların qurulmasına başlanıb:
"Bu postlar Bakı-Ələt-Astara yolunun 65-ci, Bakı-Quba yolunun 45-ci və Bakı-Şamaxı yolunun 26-cı kilometrliyində quraşdırılmağa başlanılıb. Martın 19-u saat 00:00-dan etibarən həmin istiqamətlərdən Bakı, Sumqayıt və Abşeron ərazisinə daxil olan avtomobillər və sərnişinlər saxlanılaraq yoxlanılacaq. Avtomobil nömrə nişanı Bakı, Sumqayıt və Abşeron qeydiyyatı olmasına baxmayaraq, həmin avtonəqliyyat vasitələri də postlarda saxlanılacaq və onların sərnişinlərinin qeydiyyat yeri dəqiqləşdiriləcək. Ona görə də vətəndaşlardan xahiş edirik ki, martın 19-dan 29-dək bölgələrə və ya bölgələrdən Bakı şəhəri və Abşeron rayonuna səfər etməsinlər. Əks halda onların bu ərazilərə daxil olmasına icazə verilməyəcək".
Xatırladaq ki, koronavirus infeksiyasının yayılması hallarının qarşısını almaq məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilmiş qərara əsasən martın 19-da saat 00.00-dan etibarən xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna buraxılması martın 29-dək dayandırılacaq, yalnız Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı şəhərinə sərbəst giriş-çıxışına icazə veriləcək.