Koronavirusla mübarizə tədbirləri çərçivəsində Bakı Metropolitenində növbəti dəfə geniş spektrli dezinfeksiya işlərinin üçüncü mərhələsi həyata keçirilib.
Oxu.Az xəbər verir ki, dezinfeksiya prosesi gecə saatlarında qatarların fəaliyyətinin dayandığı, son sərnişinlərin stansiyalardan çıxdığı vaxtdan etibarən başlayıb.
Metropolitenin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, dezinfeksiya işləri metronun “Sahil”, “İçərişəhər”, “İnşaatçılar” və “20 Yanvar” stansiyalarında aparılır. Eyni zamanda 10 qatarda da dezinfeksiya işləri həyata keçirilib. Buna qədər isə 33 qatar tamamilə dezinfeksiya olunub. Stansiyalar mərhələli şəkildə həftədə bir dəfə, platformalarda birbaşa əllə təmasın olduğu hissələr isə gündə 3 dəfə dezinfeksiya olunur.
Bəxtiyar Məmmədov əlavə edib ki, stansiyada görülən işləri sərnişinlər əyani müşahidə edə bilirlər: "Dezinfeksiya işlərində insan sağlamlığı üçün təhlükəli olmayan xüsusi məhlullardan istifadə olunur. Sərnişinlər tam rahat şəkildə metrodan istifadə edə bilərlər. Vətəndaşlardan istəyimiz odur ki, metropolitendə olan zaman insan sıxlığını nəzərə alaraq şəxsi təhlükəsizlik və gigiyena qaydalarına tam əməl etsinlər". B.Məmmədov qeyd edib ki, artıq Bakı Metropolitenində “gur saat” anlayışı yoxdur. Bu da birbaşa tədris prosesində yaranan fasilə ilə bağlıdır. Tədris müəssisələrinin fəaliyyətinin müvəqqəti dayanması metrodakı sərnişin sayında 21% azalma ilə nəticələnib: "Koronavirus təhlükəsi ilə bağlı son günlər tədris müəssisələrinin fəaliyyətinin müvəqqəti dayandırılması metrostansiyalarda sıxlığın azalmasına səbəb olub. Metropolitendən istifadə edənlər arasında şagird və tələbələr üstünlük təşkil edirdi. Tədris prosesində yaranan fasilə səbəbindən metro istifadəçilərinin sayında orta hesabla, 21% azalma müşahidə olunur”.
Metropoliten sözçüsü həmçinin sosial şəbəkələrdə metronun fəaliyyətinin dayandıracağı məsələsinə də münasibət bildirib. Bəxtiyar Məmmədov qeyd edib ki, bu günlərdə Metropoliten Nazirlər Kabineti yanında operativ qərargahla sıx əlaqəli formada fəaliyyət göstərir: “Metronun fəaliyyətini dayandırması ilə bağlı yayılan məlumatlar doğru deyil. Metropoliten fəaliyyətini Nazirlər Kabineti yanında operativ qərargahla əlaqəli şəkildə təşkil edir. Gündəlik olaraq danışıqlar aparılır və görülən tədbirlər də məhz bu ikili əməkdaşlıq çərçivəsində həyata keçirilir. Hələlik, bu barədə tapşırıq yoxdur. Əgər belə bir hal baş verərsə, ictimaiyyətə əvvəlcədən məlumat veriləcək". Qeyd edək ki, dezinfeksiya işləri növbəti günlərdə də mütəmadi olaraq davam etdiriləcək.