Ali Baş Komandana yazırlar: "Qələbələriniz mübarək olsun, cənab Prezident"


Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciətlər davam edir.
Sherg.az müraciətlərdən bir neçəsini təqdim edir:  

 
“Hörmətli cənab Prezident.
Doğma torpaqlarımızın mənfur erməni düşmənindən azad edilməsi münasibətilə Sizə öz adımdan, ailəm və bütün Cəbrayıl əhalisi adından minnətdarlığımı bildirir, uzun ömür və cansağlığı arzu edirəm.
İnanırıq ki, Azərbaycan Ordusu öz yenilməz gücü və qüdrəti ilə tezliklə qələbə qazanacaqdır.
Allah Sizi və Azərbaycan xalqını qorusun.
Hüseynxan Heydərov, Cəbrayıl, Azərbaycan”.

 
“Hörmətli cənab Prezident.
Sizin apardığınız daxili və xarici siyasəti dəstəkləyir, alqışlayırıq. Biz hər zaman Sizin və güclü Azərbaycan Ordusunun yanındayıq. Artıq bütün dünya bilir ki, Azərbaycanın davası haqq davasıdır. Son qarış torpağımız alınana qədər müharibə dayandırılmasın. Biz xalq olaraq hər zaman ordumuzun arxasındayıq. Ehtiyac olarsa, hamımız cəbhəyə qoşulmağa hazırıq.
Cənab Prezident, Allah Sizə və ordumuza bu haqq yolda yardımçı olsun. Qarabağ Azərbaycandır!
Daşdəmir Ulfanov, Saatlı, Azərbaycan”.


“Cənab Ali Baş Komandan
Şəhid adı ucadan-uca addır. Vətənpərvərlik, qəhrəmanlıq, igidlik, ölməzlik, əbədilik zirvəsidir. Belə bir zirvəyə yüksəlmək, bu zirvəni qorumaq bizim hər birimizin müqəddəs vətəndaşlıq borcudur.
Hörmətli Prezidentimiz, Liman şəhərinin ağsaqqalları Sizin arxanızda dayanıb və Sizə qələbə arzulayır.
Bu gün əmr etsəniz, biz də Sizinlə çiyin-çiyinə düşmənə qarşı vuruşarıq.
Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!
Səyavuş Süleymanlı, Lənkəran, Azərbaycan”.

 
“Hörmətli cənab Prezident.
Sizin müdrik və uzaqgörən siyasətinizin, gərgin əməyinizin nəticəsidir ki, bu gün rəşadətli ordumuz qorxmadan və çəkinmədən düşmən üzərinə irəliləyir, böyük zəfərlər qazanır. Mən, 64 yaşlı ananın dörd övladı hazırda cəbhə bölgəsində, düşmənlə üz-üzədir. Sizin komandanlığınızla onların qəhrəmanlıq tarixi yazacağına inanıram. Çünki övladlarım kimi, Siz də bizim güc, qürur, fəxarət mənbəyimizsiniz.
Əminik ki, bayrağımız tez bir zamanda Qarabağda, öz tarixi torpaqlarımızda dalğalanacaqdır.
Rövşanə Əliyeva, Sumqayıt, Azərbaycan”.


 “Hörmətli cənab Prezident.

Bu gün xalqımız öz tarixinin şanlı və qürur verici səhifələrindən birini yaşamaqdadır. Bu hissləri bizə yaşatdığınıza görə Sizə və döyüş xəttində canından keçməyə hazır olan şücaətli Vətən oğullarına minnətdarlığımızı bildiririk. Bir laçınlı olaraq Sizin apardığınız məqsədyönlü siyasəti dəstəkləyir, bu haqq işində Sizə uğurlar diləyirik.
Əziz Prezidentim, bütün laçınlılar kimi mən də ürəkdən inanıram ki, Cocuq Mərcanlıdan başlanan qələbə sevinci Laçınla davam edəcək, Şuşada tamamlanacaqdır. Uşaqlıq illərimin keçdiyi o torpaqlara yenidən qayıdacaq, yenidən o yerləri görmək nəsibim olacaqdır. Allah bu uğurlu işdə Sizə və rəşadətli Ordumuza yardımçı olsun.
Ruslan Əhmədov, Ağcabədi, Azərbaycan”.


“Hörmətli cənab Prezident.
Mən də gələcəyin bir əsgəri kimi, Sizin apardığınız haqlı mübarizəni dəstəkləyir, ilk öncə Sizə bu yolda daha böyük uğurlar arzulayıram.
Kitablardan tanıdığımız Azərbaycanımızın mədəniyyət beşiyi olan Şuşada qələbə günündə Sizinlə birlikdə olmağı səbirsizlə gözləyirəm.
Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
Nicat Qabulov, Qax, Azərbaycan”.


“Hörmətli cənab Ali Baş Komandan.
Biz Sizin 30 ildir gözlədiyimiz haqq işinizi dəstəkləyir və sıravi Azərbaycan vətəndaşı kimi hər zaman səsinizə səs verməyə hazır olduğumuzu bildiririk. Artıq mənfur düşmənlərə yerini göstərməyin zamanını yaşayırıq. Minlərlə azərbaycanlının canını verdiyi, milyonlarla vətəndaşın isə can verməyə hazır olduğunu, hər bir qarış Vətən torpağı üçün bu savaşa hazır olduğumuzu bilməyinizi istəyirəm. Qoy bütün dünya da bunu duysun, bilsin. Biz zülmün kökünü kəsəcəyik. Biz haqqımızı alacağıq. Hər bir azərbaycanlının haqq sözü Sizsiniz, Ali Baş Komandanım. Bu bizim haqq işimizdir və biz öz haqqımızı düşmənlərin canından bir-bir alacağıq. İnşallah, ən qısa zamanda hərbçilərimizin ayaq izlərini Şuşada, Xankəndində, Ağdamda, Laçında və bütün Qarabağda görünəcəyinin şahidi olarıq. Damarlarında azərbaycanlı qanı axan biri olaraq, Sizin bir əmrinizlə Vətənimin qulluğunda durmağa hər zaman hazıram. Tanrı Sizi qorusun, Tanrı hər bir azərbaycanlını qorusun. Qarabağ Azərbaycandır! Qələbə bizimlədir!
Nicat Bayramov, Tovuz, Azərbaycan”.

“Hörmətli Ali Baş Komandan.
Sizin düzgün və uğurlu siyasətiniz nəticəsində Qarabağ uğrunda gedən döyüşlərdə əzəli torpaqlarımızın bir hissəsinin qaytarılmasına sevinir və hədsiz qürur hissi duyuruq. Bu münasibətlə Sizi Nərimanabad qəsəbəsinin bütün anaları adından ürəkdən təbrik edir və döyüş meydanlarında bundan sonra da daha böyük uğurlar arzulayırıq.
İnanırıq ki, tezliklə vətənpərvər Azərbaycan əsgərlərinin qəhrəmanlığı sayəsində üçrəngli bayrağımız Qarabağda dalğalanacaqdır.
Eşq olsun Ali Baş Komandanımıza, millətimizə və dövlətimizə!
Avanisə İbadova, Lənkəran, Azərbaycan”.


“Hörmətli cənab Prezident.
Sizə bildirirəm ki, 5 oğlum və özüm işğal olunmuş torpaqlarımız uğrunda döyüşməyə hazırıq. Sizin yol haqq yoludur. Sizi xalq çox sevir və həmişə arxanızdadır.
İnanırıq ki, tezliklə şanlı ordumuz qalib gələcək və şəhidlərimizin qisası alınacaqdır.
Allah Sizi, xalqımızı və Azərbaycan əsgərini qorusun.
Bayram Əliyev, Naxçıvan, Azərbaycan”.


“Cənab Ali Baş Komandan.
Mən birinci Qarabağ döyüşlərinin qazisiyəm. Ölkəmizin müdafiə qüdrətini yüksək səviyyəyə qaldırdığınıza görə Sizə minnətdaram. Bu gün bütün dünya gördü ki, qüdrətli Azərbaycan dövləti və onun Sizin kimi Ali Baş Komandanı var.
30 ildir ki, bu günlərin həsrətində idik. Bu gün xalqımız, o cümlədən mən, ailəm, nəvələrim Turqut, Ömər, Elbəyi Sizi sevirik və hər an Sizin yanınızdayıq.
Cənab Prezident, uca Tanrı Sizi və ailənizi qorusun.
Elbəyi Məmmədov, Bərdə, Azərbaycan”.

 
“Möhtərəm Prezident, cənab Ali Baş Komandan.
Qarabağ Azərbaycandır! Min illərin şüarı olacaq bu qətiyyətli sözlər hər birimizin qururla işlətdiyimiz sitata çevrilib. Siz xalqın qürur mənbəyisiniz. Sizinlə fəxr edirəm, mənim Prezidentim. Xalq Sizinlədir, çünki Siz haqq yolundasınız. Allah Sizi qorusun.
Fərid Səbzəliyev, Göygöl, Azərbaycan”.

 
“Əziz Prezidentim.
İşğal olunmuş torpaqlarımızın azad olunması istiqamətində apardığınız siyasəti bəyənir və dəstəkləyirik. Qarabağ bizim əzəli torpağımızdır.
Siz ədalət carçısısınız, Sizin yolunuz haqq yoludur.
Doğmalıq, ümid və sevinc hissi ilə göstərdiyiniz mərdlik və cəsarətə görə Sizə minnətdarıq.
Əminik ki, torpaqlarımız qısa müddət ərzində azad olunacaq, Azərbaycan xalqı öz arzusuna çatacaqdır.
Şöhrət Cəfərov və Eyvazəli Mirzəyev, Lənkəran, Azərbaycan”.
 
“Möhtərəm Prezidentimiz.
Bütün Azərbaycan xalqı Sizin müstəqil Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması, işğal altında olan torpaqlarımızın azad edilməsi barədə verdiyiniz əmrin məsuliyyətini dərk edir. Qəhrəman, Şanlı Azərbaycan Ordusunun erməni hərbi birləşmələrinə qarşı əks hücumu zamanı göstərdiyi igidliklər, qəhrəmanlıqlar xalqımızda yüksək vətənpərvərlik ruhunu bir daha artırmışdır.
Eşq olsun Azərbaycan Ordusuna! Eşq olsun Azərbaycan əsgərinə!
Bu haqq işimizdə Azərbaycan Ordusunun gücünə inanırıq. Rəhbərliyinizlə qələbəmizin yaxın günlərdə təmin olunmasını səbirsizliklə gözləyirik.
Möhtərəm Prezident, Şanlı Ordumuzun sürətli hücumu zamanı işğal altında olan kəndlərimizin azad olunması münasibətilə xalqımızı təbrik etməyiniz bizi əmin edir ki, üçrəngli Azərbaycan bayrağı tezliklə Qarabağda, Şuşada dalğalanacaq.
Sizi əmin edirik ki, ziyalılarımız, gənclərimiz, fəallarımız, ağsaqqallarımız hər an əməli fəaliyyətinizlə ordumuzun, əsgərlərimizin yanındadır.
Mən şəxsən özüm ehtiyatda olan zabit kimi hər an səfərbərliyə hazıram.
Sonda Ulu Öndərimizin bu sözlərini bir daha ucadan səsləndirirəm: “İrəli, Azərbaycan əsgəri!”
Kamil Kamilov, Astara, Azərbaycan”.

 
“Cənab Ali Baş Komandan.
Erməni faşistlərinə qarşı əks-hücumun başlanmasına dair Ordumuza verdiyiniz hücum əmri bütün Azərbaycan xalqı kimi bizi də çox sevindirdi.
Torpaqlarımızın bərpa edilməsi uğrunda apardığınız qətiyyətli siyasət bizi ruhlandırır. Qələbə naminə məqsədyönlü fəaliyyətiniz Azərbaycan Ordusunun, Azərbaycan xalqının möhkəm həmrəyliyinin bariz nümunəsidir.
Cənab Prezidentimiz, sonrakı mərhələlərdə belə, dağılan ərazilərin bərpası işinə bütün gücümüzlə, əməlimizlə hazırıq. Biz sonadək Sizin yanınızdayıq.
Qələbə bizimlədir!
Şövqisəfa Göyçayev, Bakı, Azərbaycan”.
 

“Cənab Ali Baş Komandan.
Siz Cavanşir, Babək, Koroğlu, Qaçaq Nəbi kimi igidlər yetişdirmiş Azərbaycan xalqının haqq səsini dünyaya çatdırdınız. 30 ilə yaxın idi ki, müharibə istəməyən xalqımız səbr edirdi, torpaqlarımızın sülh yolu ilə azad ediləcəyinə ümid bəsləyirdi. Amma indi qoy düşmən görsün ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu nəyə qadirdir.
İndi hünər meydanı, qeyrət dəmidir. “İlhamla irəli!” bizim bu döyüşlərdə şüarımızdır.
Hər an Qələbə müjdəsi gözləyirik. Müqəddəs Quranla qoruyub saxladığımız Azərbaycan bayrağının Qələbədən sonra mənə qismət olacaq evimin üzərində dalğalanacağına əminəm.
Haqq bizim tərəfimizdədir. Biz qalib gələcəyik.
Qələbə bizimlədir!
Rəna Quliyeva, Bakı, Azərbaycan”.

 
“Hörmətli cənab Prezident.
Mən Azərbaycanlı yazar, "Laboratory of Art" həvəskar incəsənət toplumunun layihə rəhbəri Fərid Nəsibzadə (Nəsibov) bugünkü uğurlarınızla qürur duyur, Sizə təşəkkür etmək istəyirəm.
Məlumat olaraq bildirim ki, ordumuza, əsgərlərimizə və Sizin siyasətə dəstək olaraq mən və "Laboratory of Art" komandası, istər Tovuz döyüşlərində, istərsə də 27 sentyabrdan bəri sosial aktivlik göstərib müxtəlif beynəlxalq sosial platformalarda erməni hərbi siyasi rejimini ifşa etmiş, tarixi fakt və məntiqi sübutlarla, rəhbərlikləri tərəfdən beyni korlanmış erməni kütləsinə, eləcə də digər ölkələrin vətəndaşlarına yalnız həqiqətləri çatdırmışıq. Bugünkü zəfərlərimiz bütün dünya ictimaiyyətinə bizim humanist, səbirli, amma haqqımızı lazım gələrsə dünyanı belə susdurub alacağımızın bariz nümunəsidir.
İnanıram ki, gələn il yay tətilimizi artıq Şuşada və Qarabağımızın digər bölgələrində keçirəcəyik. Dəstəkləyirik, yanınızdayıq! Qələbələriniz mübarək olsun, cənab Prezident!
Fərid Nəsibzadə, Bakı, Azərbaycan”.

 
“Möhtərəm cənab Prezident.
Sizə öz adımdan və Salyan rayon sakinləri adından dərin minnətdarlığımızı bildirmək istəyirəm.
Əziz Prezidentimiz, Sizin uzaqgörən siyasətiniz nəticəsində artıq işğal altında olan torpaqlarımız alınmaq üzrədir. Eyni zamanda, bir əsgər qardaşı olaraq, əsgərlərimizə göstərdiyiniz qayğıya görə Sizə təşəkkür edirəm. Əminik ki, bundan sonra da Sizinlə bərabər bir çox qələbələr əldə edəcəyik
Nicat Pənahov, Salyan, Azərbaycan”.

 
“Hörmətli Prezident, cənab Ali Baş Komandan.
Azərbaycan dövləti bu gün ərazi bütövlüyünün qorunması uğrunda mübarizə aparır. Ermənilər Azərbaycana qarşı daim təcavüzkar missiya yeritmiş, müəyyən səbəblərdən öz işğalçı missiyalarını həyata keçirməyə müvəffəq olmuşlar.
Möhtərəm Prezident, əminik ki, ermənilərin bu günə qədər Azərbaycan xalqına yaşatdıqları amansız vəhşiliklərin tarixi cavabı məhz indi, apardığınız haqlı, ədalətli mübarizə ilə veriləcək. Şanlı qələbə, zəfər Sizin böyük siyasətiniz və mübarizəniz nəticəsində çox yaxın zamanda Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılacaq.
Azərbaycan xalqının çox illərdən bəri arzuladığı, gözlədiyi, uğrunda mübarizə apardığı böyük zəfəri, şanlı tarixi xalqımıza yaşadacağınıza əminik və bu yolda Sizinləyik, möhtərəm Prezident.
Sürahi Şükürova, Abşeron, Azərbaycan”.


“Çox hörmətli cənab Ali Baş Komandan.
İlk öncə onu qeyd etmək istəyirəm ki, bizə yaşatmış olduğunuz ilkin qələbə sevincinə görə Sizə ailəm və yaxın qohumlarım adından dərin minnətdarlığımı bildirirəm.
Qeyd edim ki, hər iki valideyni zabit olan bir tələbə kimi, başda Siz olmaqla qüdrətli, şanlı ordumuza güvənim, inamım, sevgim sonsuzdur. Əgər bu gün Azərbaycan beynəlxalq arenada nailiyyətləri, uğurları ilə diqqət mərkəzindədirsə bu Sizin uzaqgörən siyasətinizin nəticəsidir. Əminəm ki, Sizin rəhbərlik etdiyiniz Azərbaycan Ordusu Qarabağda dalğalandırdığı qalibiyyət bayrağını yaxın günlərdə Azadlıq Meydanında keçiriləcək hərbi paradda nümayiş etdirəcək. Biz gənclər Sizin yolunuzun davamçısıyıq. Tanrı Sizə yar olsun.
Canımızdan keçərik, amma Vətənimizdən əsla!
Solmaz Tağızadə, Bakı, Azərbaycan”.