“Türkiyə həmişə bizi dəstəkləyir və istənilən təklifimizə, lazım gələrsə, hərbi baza yaradılması məsələsinə də hazırdır”
“Azərbaycanda Türkiyənin hərbi bazasını yaratmaqdansa, hərbi təlim institutunun təşkili daha məqsədəuyğundur”.
Bu fikirləri siyasi analitik Turab Rzayev səsləndirib.
O qeyd edib ki, türkiyəli mütəxəssislər Azərbaycana dəvət olunsunlar, həm xüsusi təyinatlılarımıza, həm də zabitlərimizə təlim keçsinlər. Həmçinin respublikanın bir neçə bölgəsində, məsələn Bakıda, Gəncədə, Yevlaxda, Naxçıvanda təlim mərkəzləri yaradıla bilər:
“İki ölkənin hərbi məktəblər və hərbi liseyləri arasında tələbə mübadiləsinin həyata keçirilməsi də lazımi effekt verəcək. Bu, barmaqla sayıla biləcək qədər yox, yüzlərlə, minlərlə döyüşçünün, hərbçinin hazırlanması deməkdir. Sadaladığım təkliflərin nəticəsi faktiki olaraq hərbi bazanın yaradılmasına bərabərdir”
O, sadaladığı təkliflərin Azərbaycanda Türkiyənin hərbi bazasının yaradılmasından daha yaxşı variant olduğunu düşünür.
Təklifi dəyərləndirəın ehtiyatda olan pokovnik Şair Ramaldanov “Sherg.az”a açıqlamasında bu təklifə münasibət bildirib:
“Azərbaycanda hansısa başqa ölkənin, o cümlədən Türkiyənin hərbi bazasının yaradılması üçün hüquqi əsas yoxdur. Əslində bunu çox müzakirə etmək də doğru deyil. Çünki qərarı dövlət verəcək.
Əgər zaman və vəziyyət tələb edərsə, hərbi bazanın yaradılmasından ötrü dövlət xüsusi qanun qəbul edəcək. Amma indi buna ehtiyac olduğunu düşünmürəm. Türkiyənin bizə mənəvi dəstəyi nəyə desən dəyər. Bizim aramızda yüksək səviyyəli əməkdaşlıq, həmçinin tələbə mübadiləsi var.
Düşmənlərlə davam edən döyüşlərdə də qarşılıqlı əməkdaşlığın hansı uğurla nəticələndiyini gördük. Bu o deməkdir ki, Türkiyə həmişə bizi dəstəkləyir və istənilən təklifimizə, lazım gələrsə, hərbi baza yaradılması məsələsinə də hazırdır”.