Qanla yazılan tariximizin DAHA BİR EŞQ DASTANI: Mehdi və Mələk !

Bu hadisənin yaşanması milli irsimiz və genetik kodlarımızla birbaşa əlaqəlidir

“Ümumiyyətlə, insan davranışının üçdə biri ana bətnində formalaşır. Digər davranışları isə həyatda qazanırıq”

“Ananın düşüncələri və hərəkəti ilə körpəyə impulslar ötürülür və kodlar verilir”

“Məsələn, ola bilsin ki, canına qəsd edən gənc qız ana bətnində olan zaman anası İlham və Fərizə barədə düşünüb”

1990-cı il 20 Yanvar faciəsi xalqımızın tarixinə qanla yazılıb. Qanla yazılmış faciələr heç vaxt tarixin səhifələrindən silinmir. Bizə acılar yaşadan bu qanlı qırğında həm də bir eşq dastanı- “İlham və Fərizə” dastanı yaranıb dillərə düşdü, ürəklərə hopdu. Düz 30 il sonra eyni hadisənin şahidi olduq. Dünən Tərtərin Sarıcalı kəndində yaşanan olay hər birimizi 1990-cı ilə apardı.

Cəbhənin Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olmuş 1995-ci il təvəllüdlü Mehdi Elçin oğlu Məmmədovun dünən səhər saatlarında Sarıcalı kəndində dəfn mərasimi keçirilib. Mərasim başa çatmamış şəhidimizin nişanlısı Səfərova Mələk Valeh qızı da Elçinin yoxluğu ilə barışa bilməyərək özünə qəsd edib.

Oxşar hadisəyə başqa ölkələrdə çox nadir hallarda rast gələ bilərik. Bu davranış millətimizin genetik kodlarında var. Mental dəyərlərimizin də burada rol oynadığını inkar edə bilmərik. Xalqımız tarix boyu vətənpərvər və qorxmazlığını sübut edib. Vətənpərvərlik başqa millətin nümayəndələrində də qarşılaşdığımız bir hissdir. Lakin sözügedən hadisənin yaşanması milli irsimiz və genetik kodlarımızla birbaşa əlaqəlidir.



Baş verənləri “Sherg.az”a şərh edən sosioloq-alim Əhməd Qəşəmoğlu da düşünür ki, Tərtərdəki hadisə genetik kodlarımızdan və adət-ənənələrimizdən irəli gəlir. Alimin sözlərinə görə, genetik faktorlar hər bir insanın davranışına təsir göstərir:

“Ümumiyyətlə, insan davranışının üçdə biri ana bətnində formalaşır. Digər davranışları isə həyatda qazanırıq. Ananın düşüncələri və hərəkəti ilə körpəyə impulslar ötürülür və kodlar verilir.

Məsələn, ola bilsin ki, canına qəsd edən gənc qız ana bətnində olan zaman anası İlham və Fərizə barədə düşünüb. Beləliklə,bətndə olan körpəyə genetik kodlar verilə bilər.

Bütün bunlar elmdə təsdiqini tapıb. Ananın keçirdiyi hislər uşağa müəyyən kodlar verir. Düşünürəm ki, bu hadisələrdə genetika mühüm rola malikdir.

Cəmiyyətimizdə belə hallara nadir zamanlarda rast gəlmirik. Xalqımızın tarixinə baxsaq, görəcəyik ki, əvvəllər də oxşar hadisələr yaşanıb”.