Uşağını küçəyə atan ana ruhi xəstədir

Artıq atası övladına qovuşmaq üçün İcra Hakimiyyətinə müraciət edib

Bakıda küçədə azyaşlı uşaq tapılıb.

Bu barədə "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, Xətai rayonunda polis əməkdaşları təxminən dörd yaşlı qız aşkarlayıb:

“Uşaq sığınacağımıza gətirilib. O, polislərə adının Nərgiz olduğunu deyib. Bildirib ki, onu anası küçədə qoyub və maşına minərək gedib”.  

Məsələnin nə yerdə qaldığını öyrənmək üçün "Şərq"  K.Ağazadə ilə əlaqə saxlayıb. Kəmalə xanım bildirdi ki, uşaq hazırda sığınacaqdadır və onun küçəyə atılmasına səbəb anasının ruhi xəstəliyi olub:

"Uşaq hazırda bizim sığınacaqdadır. Dünən gecə saatlarında polis əməkdaşları tərəfindən tapılıb. Saat 6-7 arasında isə sığınacağa yerləşdirilib. Uşaq baxımsız vəziyyətdə idi. Hazırda valideynləri haqqında heç bir məlumat verə bilmir. Hiss olunurdu ki, uşaq şiddət və zorakılıq görüb. 

Bildiyimiz qədəri ilə bir qədər öncə uşağın atası Xətai rayon İcra Hakimiyyətinə müraciət edib. 
İlkin məlumatlara görə, ananın ruhi xəstəliyi var. Neçə müddətdir müalicə olunmadığına görə daha da aqressivləşib və uşağı küçəyə ataraq gedib".

Ağarza Elçinoğlu