Hərbi təlim, yoxsa düşmənə son xəbərdarlıq?- “...Ordu hərəkətə gətirilə bilər”

“Rəsmi Bakı Ermənistana "Həddini bil" mesajı verir"

"Və Ermənistan bu mesajdan lazımi nəticə çıxarmalıdır”

 “Rəsmi İrəvan Azərbaycanla növbəti müharibəyə risk etməz”


Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, martın 15-dən Azərbaycan Ordusunda qoşun (qüvvə) növlərinin cəlb edilməsi ilə əməliyyat-taktiki təlimləri keçiriləcək. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Müdafiə nazirinin rəhbərliyi ilə keçiriləcək təlimə 10 000 nəfərədək şəxsi heyət, 100-dək tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, 30-dək hərbi aviasiya və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunacaq. Dağlıq-meşə və çətin relyefli ərazilərdə keçiriləcək təlimlərdə Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla əsas diqqət qoşunların idarəolunması, döyüşə hazırolma vəziyyətinə gətirilməsi və yenidən qruplaşması, o cümlədən ümumqoşun birlikləri, Raket və Artilleriya Qoşunları, aviasiya, Xüsusi Təyinatlı Qüvvələr arasında döyüş uzlaşması və qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsinə yönəldiləcək. Martın 18-dək davam edəcək təlimlərdə qoşunlar terrorçu dəstələr (qruplar), həmçinin qanunsuz silahlı qruplaşmalar ilə mübarizə və anti-terror əməliyyatları üzrə tapşırıqları icra edəcək.



 Bəzi ekspetlərin fikrincə, Azərbaycan yeni anti-terror əməliyyatlarına hazırlaşır. Bu barədə “Sherg.az”a danışan siyasi analitik Elçin Xalidbəylinin sözlərinə görə, düşmən təlimlərdən dərs çıxararaq, “ayağını yorğanına görə uzatmalıdır”: 

“Sonuncu Qarabağ savaşında Azərbaycanın parlaq tarixi zəfəri Ermənistanda şok effekti yaradıb. Ermənistan cəmiyyəti bu sarsıdıcı məğlubiyyətin təsirindən hələ də çıxa bilməyib. Eyni zamanda məğlubiyyət Ermənistanda hakimiyyət uğrunda mübarizənin əsas siyasi faktoruna çevrilib. Siyasi rəqiblər savaşla bağlı bir-birinə qarşı sərt ittihamlar irəli sürürlər. Nəticədə bu, istər-istəməz Azərbaycan və Rusiya prezidentləri, Ermənistan baş naziri arasında imzalanmış 10 noyabr, eləcə də 11 yanvar anlaşmalarının icrasına müəyyən problemlər yaradır.

Rəsmi İrəvan həmin anlaşmaların bəzi maddələrini yerinə yetirməkdən yayınmağa çalışır. Azərbaycan Prezidenti İlham Əliyev də vurğulamışdı ki, Ermənistan anlaşmaları pozmağa cəhd göstərir.

Rəsmi İrəvanın icrasından yayınmağa çalışdığı əsas məsələlərdən biri də məhz Zəngəzur dəhlizi ilə bağlıdır. Eyni zamanda, Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan Xankəndi və ətraf bölgəyə gizli yollarla erməni hərbçilərin göndərildiyi barədə də müəyyən məlumatlar var. 

Üstəlik, erməni separatçıları terror da daxil olmaqla, bütün pozuculuq fəaliyyətlərini bərpa etməyə cəhd göstərirlər. Təbii ki, rəsmi Bakı bütün bunları sakitliklə seyr edə bilməz. Yəni əvvəl-axır ermənilərin pozuculuq fəaliyyətlərinə sərt reaksiya veriləcək. Ona görə Azərbaycan ordusunun 10 min nəfərlik şəxsi heyətin iştirakı ilə hərbi təlimlərə başlaması Ermənistana sərt xəbərdarlıq xarakteri daşıyır. Belə anlaşılır ki, rəsmi Bakı Ermənistana "Həddini bil" mesajı verir. Və Ermənistan bu mesajdan lazımi nəticə çıxarmalıdır”.

 Ekspertin fikrincə, düşmən “şıltaqlığında” əl çəkməsə, bu, ona baha başa gələcək: 

“Məsələ ondadır ki, Azərbaycan tərəfi Ermənistana bundan sonra böyük ehtimalla hansısa xəbərdarlıq etməyəcək. Çünki Azərbaycan ordusunun genişmiqyaslı hərbi təlimləri Ermənistan üçün sonuncu xəbərdarlıq mesajıdır. Adətən, hərbi təlimlər vasitəsilə verilən xəbərdarlıq mesajları gözlənilən nəticəni vermədikdə, növbəti atılan addım ordunun hərəkətə gətirilməsi olur.

İndi rəsmi Bakı da Ermənistana sonuncu xəbərdarlığını etmiş kimi görünür. Rəsmi İrəvan bu xəbərdarlıqdan ciddi nəticələr çıxarmasa, yəni üç dövlət arasında imzalanmış anlaşmaların icrasından yayınmağa çalışsa, bölgədə pozuculuq fəaliyyətlərini davam etdirməkdə israrlı olsa, yenidən Azərbaycan ordusu ildə qarşılaşmış olacaq.

Bu dəfə Ermənistan daha fəlakətli və faciəvi duruma düşə bilər. Ermənistan hazırda sadəcə, son savaşda darmadağın edilmiş ordusunun tör-töküntüləri ilə qalıb. Belə qeyri-nizami və hərbi-texniki təchizat problemləri olan silahlı dəstələrlə Ermənistanın güclü Azərbaycan ordusu qarşısında uzun müddət davam gətirə bilməz.  Deməli, Ermənistanın bunu nəzərə alacağı qətiyyən istisna deyil. Bu baxımdan, rəsmi İrəvan Azərbaycanla növbəti müharibəyə risk etməz. Yəqin, düşmən Azərbaycanı narazı salan bütün məsələlərdə istənilən halda, geri çəkilmək məcburiyyətində qalacaq. Və genişmiqyaslı müharibəyə də ehtiyac olmayacaq.

Ancaq Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan Xankəndi və ətraf bölgədə qısamüddətli antiterror əməliyyatlarının ola biləcəyi də qətiyyən istisna deyil. Belə bir addım atılarsa, Azərbaycan bütün məsələləri birdəfəlik həll etmiş olacaq”.