Məlum olduğu kimi, martın 15-dən 18-dək Azərbaycan Ordusunda qoşun (qüvvə) növlərinin cəlb edilməsi ilə əməliyyat-taktiki təlimləri keçiriləcək. Təlimdə 10 min nəfərədək şəxsi heyət, 100-dək tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, 30-dək hərbi aviasiya və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları iştirak edəcək. Bəzi ekspertlərin fikrincə, bu, düşmənə göz dağı və ona sonuncu xəbərdarlıqdır. Eyni zamanda müxtəlif iddialarla çıxış edənlər də var. Bir çoxları düşünür ki, Azərbaycan ordusu ancaq xüsusi təyinatlı qoşundan ibarət olacaq.
Hərbi ekspert Ədalət Verdiyev “Sherg.az”a açıqlamasında bu iddialara cavab verdi:
“Sözügedən təlimlər operativ- taktiki xarakter daşıyır. Bu zaman bir çox qoşun növlərinin, o cümlədən raket-artilleriya qoşunları, quru qoşunları, hava hücumundan müdafiə qoşunlarının hazırlıqları yoxlanılacaq. Belə qoşun növlərindən biri də xüsusi təyinatlı qoşundur. Amma ordumuzun birmənalı şəkildə onlardan ibarət olacağını demək doğru deyil. Bizim Türkiyə modelinə keçməyimizə isə hələ çox var. Bunun üçün gözlədiyimizdən də çox vaxt lazımdır. Qərar hələ yeni qəbul edilib və müvafiq silahların alınması, həmin silahlardan istifadə edə biləcək ekipajın hazırlanması, struktur dəyişiklikləri heç də asan, bir-iki aylıq məsələlər deyil”.