Rus dili Qarabağda "rəsmi dil" statusu alacaq?  - Növbəti təxribat 

Qarabağdakı hərbi xunta rejimi bu bölgədə rus dilinin "ikinci rəsmi dil" statusu almasına dair təklifi bəyənib. 

"Sherg.az" ""armenews.com"a istinadən xəbər verir ki, bu təklif ötən ay qondarma rejimin saxta parlamentində təmsil olunan 5 "siyasi partiya"dan 3-nün təklifi ilə gündəmə gəlib. Təklifdə qeyd olunur ki, Qarabağın ermənilər yaşayan hissəsində rus dili "rəsmi dil" statusu alsın. Təşəbbüsü irəli sürən "partiya"lardan biri isə qondarma rejimin cinayətkar başçısı Araik Arutyunyanın başçılıq etdiyi "Azad Vətən" terror təşkilatıdır. 

Hərbi cinayətkar rejimin qondarma administrasiyanın terrorçu rəhbəri Mihran Arutinyan məlum təxribatı dəstəkləyib və bu da həmin "qanun layihəsi"nin
həyata keçməsinə yol açıb. 
 
"Qanun layihəsi"ndədə qeyd olunur ki, Qarabağda rus dilinin rəsmi status alması ilə bu bölgədə ermənilərin ruslarla hərbi, iqtisadi və mədəni əlaqələri daha da güclənəcək. Bu hal Qarabağdakı rus hərbçiləri və humanitar yardım daşıyan işçilərlə ermənilər arasında əlaqələri daha da inkişaf etdirəcək. 

Qızıl qeyd: Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Əlbəttə, bu təkcə rəsmi Bakı deyil, bütün dünyanın, beynəlxalq hüququn tanıdığı, qəbul etdiyi bir məsələdir. Bu məqamda BMT-nin 4 qətnaməsini yada salmaq kifayət edər. Qondarma rejimin sözügedən addımı mahiyyəti, xisləti işğalçılıq və faşizmlə yoğrulan ermənilərin növbəti təxribatıdır. Qarabağın 30 illik işğalı dönəmində ərazilərimizdə çoxlu sayda bu sayaq təxribtlara əl atılıb, lakin 44 günlük Vətən savaşında müzəffər ordumuz düşmənin bütün separatçı meyllərini darmadağın edib.  Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bəyan etdiyi "Düşmən unutmasın, Dəmir Yumruq yerindədir" ismarışından yola çıxaraq bildirək ki, "Dəmir Yumruq" istənilən təxribatın qarşısını almağa hər an hazırdı. Amma bu dəfə zərbənin daha öldürücü olcağı da heç kimə, məxsusi olaraq da düşmənə sirr deyil. Odur ki, qondarma rejim və o rejimin "dəyirmanına su töküb" işə salmaq istəyən rus "sülməramlıları" vəziyyəti doğru, düzgün qiymətləndirməlidirlər. Azərbaycan ərazilərində yalnız bir dil rəsmi status daşıya bilər, bu da Azərbaycan dilidir, vəssalam. Müqəddəs Zəfərimizdən sonra Rusiya, Fransa və İran kimi, ermənipərəst ölkələrin liderləri belə Qarabağın Azərbaycanın ayrılmaz tərkib issəsi olmasına dair bəyanatlar səsləndirdilər.  Bu bəyanatlar həmin ölkələrin mediasında açıq-aydın yer alıb. Belə olan halda Azərbaycanın ərazisindən rəsmi Bakının icazəsi olmadan rus dilinin "rəsmi status" alması beynəlxalq hüququn kobudcasına pozulması, BMT nizamnaməsinin ayaqlar altına atılmasıdır.

Eyni zamanda həmin ölkə və təşkilatların beynəlxalq imicinə ağır zərbədir. Bir sözlə, hərbi xunta rejimi bu addımı ilə Rusiyanı beynəlxalq hüquq qarşısınada aciz duruma salır. Rəsmi Moskva da sülməramlı mandatına adekvat davranaraq hərbi cinayətkar rejimin növbəti təxribatının qarşısını almalıdır. Bu həm də onların görəvidir. Əks  halda "Dəmir Yumruq" havaya qalxıb, ərazilərimizdə antiterror əməliyyatı keçirib təxribatların qarşısını alacaq.