Ordumuz təlimlərlə güclənir və təkmilləşir

Qarabağda terrorçular baş qaldırarsa anında cavabları veriləcək

"Sülh şəraitində Silahlı Qüvvələrimizi elə həddə çatdırmalıyıq ki, bundan sonra heç kim bir qarış torpağımıza göz dikməyə cəsarət etməsin"


44 günlük Qarabağ savaşından 4 ay sonra Qarabağ və ətrafında yenidən silah səsləri eşidilməyə başlayıb. Martın 15-dən etibarən Azərbaycan Silahlı Qüvvələri 10 min nəfərədək şəxsi heyətlə və çoxsaylı müasir zirehli texnikalarla əməliyyat-taktiki təlimlərə start verib. Müdafiə Nazirliyinin məlumatına görə, əsasən dağlıq-meşə və çətin relyefli ərazilərdə keçirilən təlimlərdə məqsəd Qarabağdakı terrorçu dəstələrə, həmçinin qanunsuz silahlı qruplaşmalara qarşı anti-terror əməliyyatları üzrə tapşırıqları icra etməkdir.

Xatırladaq ki, bu, Azərbaycan Ordusunun 44 günlük müharibədən sonra keçirdiyi ilk irimiqyaslı hərbi təlimlərdir. Təlimlərdə qarşıya qoyulan vəzifələr yeni və mühümdür. Ordumuzun müharibədən əvvəl vaxtaşırı olaraq keçirdiyi irimiqyaslı hərbi təlimlərdə qarşıya qoyulan döyüş tapşırıqları hücum əməliyyatları üzərində qurulmuşdu. Ancaq indi senari dəyişib və Ordumuzun qarşısında dayanan başlıca vəzifə bölgədə müharibənin nəticələrindən sonra yaranmış status-kvonu qoruyub saxlamaqdan ibarətdir. Ermənistanda və Qarabağda revanşist qüvvələrin varlığı bizə bəllidir. Əgər yaxın zamanda qanunsuz birləşmələrin dinc yolla tərksilah edilməsi baş verməzsə, onların güc yolu ilə tərksilahı qaçılmaz olacaq. Qarabağdakı təhlükəli məqam ötən gün Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov tərəfindən də gündəmə gətirilib. Nazir ATƏT-in sədri Ann Linde ilə görüşdə vurğulayıb ki, Ermənistan gecə qaranlıq vaxtda tikinti üçün nəzərdə tutulmuş maşınlarla hərbçilərini Azərbaycana göndərməyə cəhd edir. Onun sözlərinə görə, bu məsələ BMT Baş Assambleyasına çatdırılıb. Bununla bağlı beynəlxalq medianın materiallarına da istinad edilib: “Ermənistanda əsgər valideynləri də övladlarının hərbi xidmət üçün Qarabağa göndərilməsinə etiraz edirlər, aksiyalar keçirirlər. Bütün dünya mediası bunu görür. Beynəlxalq təşkilatlar bu məsələdə Ermənistana təzyiq etməli, hər bir tərəf üzərinə götürdüyü öhdəliyi yerinə yetirməlidir”. Xatırladaq ki, bir müddət öncə Ceyhun Bayramovun Ermənistanın üçtərəfli bəyanata zidd olaraq, sabitliyin pozulmasına yönələn fəaliyyəti, o cümlədən, terrorçu-sabotaj qrupunun Azərbaycan ərazilərinə göndərilməsinə dair BMT Baş katibinə məktubları Baş Assambleya və Təhlükəsizlik Şurasının sənədləri kimi dərc olunub. Xarici İşlər Nazirliyinin məlumatına görə, Ceyhun Bayramov Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin gizli şəkildə “Laçın dəhlizi” vasitəsilə və buradakı Rusiya sülhməramlılarının nəzarət prosedurlarından yayınmaq məqsədilə mülki nəqliyyat vasitələrində Azərbaycan ərazilərinə göndərilməsi barədə məlumatı BMT rəhbərliyinin diqqətinə çatdırıb. Nazir Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərində yerləşdirilməsinin beynəlxalq öhdəliklərin kobud şəkildə pozulması halı olduğunu vurğulayıb. 

Azərbaycan tərəfi hərbi təlimlərdə məqsədin öz ərazilərimizdə baş verə biləcək terror aktlarının qarşısını almaq olduğunu açıq-aşkar vurğulasa da, Ermənistan siyasiləri bu təlimləri “yeni müharibəyə” hazırlıq kimi dəyərləndirirlər. Vətən savaşından sonra ilk dəfə keçirilən genişmiqyaslı hərbi təlimlərdən ciddi təşvişə düşən Ermənistan rəsmiləri Azərbaycan Ordusunun Qarabağla kifayətlənməyəcəyini, Yerevana qədər gələcəklərini iddia edirlər. Hətta Azərbaycana “göz dağı” vermək niyyətinə düşən Ermənistan məğlub və dağılmış ordusu ilə “hərbi təlim” keçirəcəklərini də bəyan edib. Ermənistan Müdafiə Nazirliyinin məlumatına əsasən, 2021-ci ilin birinci yarısının planına uyğun olaraq, Ermənistan silahlı qüvvələri bütün əməliyyat istiqamətləri üzrə birləşmiş silahlı qruplar və xüsusi təyinatlıların iştirakı ilə taktiki və peşəkar manevrlər keçirəcək. Rusiya Xarici İşlər Nazirliyi də Azərbaycanın bölgədəki hərbi təlimləri ilə bağlı bəyanat yayıb. XİN-dən vurğulanıb ki, Azərbaycan Ordusunun təlimləri sabitliyə və təhlükəsizliyə risk yaratmır: “Hərbi təlimlər, adətən, bütün Cənubi Qafqaz ölkələri tərəfindən keçirilir. Bu təlimlər müntəzəm əsasda keçirilir və müvafiq məlumatlar maraqlı tərəflərə vaxtında çatdırılır. Bizdə olan məlumata görə, Azərbaycandakı hərbi təlimlər planlı xarakter daşıyır və qoşunların döyüş hazırlığının yüksəldilməsinə istiqamətlənib”. 

Hərbi ekspertlər də bildiriblər ki, Azərbaycan Ordusunun əməliyyat-taktiki təlimləri heç kimə qarşı yönəlməyib. Bu, planlı təlimdir. Təlimlər qarşıya qoyulacaq tapşırıqları yerinə yetirmək üçün hazırlıq prosesidir. Nəzərə alaq ki, ərazi bütövlüyümüz bərpa edilsə də, Ermənistanla aramızda hələlik sülh müqaviləsi yoxdur. Bundan başqa azad edilən torpaqlarımızda bərpa işləri aparıldığı üçün vətəndaşlarımız hələ məskunlaşmayıb. Hələlik boş olan əraziləri terror qrupları və quldurlar çirkin məqsədləri üçün istifadə edə bilərlər. Düzdür, sülhməramlılar orada xidmət edir. Lakin bunun baş verməyəcəyinə heç kim zəmanət vermir. Çünki Ermənistanın daxilindəki siyasi-iqtisadi və hərbi xaos ermənilərin təxribat törətməsi ehtimalını hər zaman aktual edir. Ona görə də indiki təlimlər “Qarabağdakı silahlı qruplaşmalar qanunsuzdur və onlara qarşı addımlar anti-terror xarakteri daşıyacaq” mövqeyinin hərbi müstəvidə nümayiş etdirilməsidir. Masada istəyimizə nail olmasaq, anti-terror əməliyyatı Xankəndidə yox, erməni silahlı birləşmələrinin Azərbaycan ordusu ilə üzbəüz dayandığı ətraf ərazilərdə də keçirilə bilər və bu, ruslara qəti mövqe nümayiş etdirmək məqsədi daşıyacaq. 

AMİP sədri, politoloq Arzuxan Əlizadə “Şərq”ə açıqlamasında bildirib ki, Vətən müharibəsində Azərbaycan Ordusu ən yeni üsullardan, taktiki gedişlərdən və müasir silah-sursatlardan istifadə etməklə Ermənistan silahlı qüvvələrini darmadağın etdi. Partiya rəhbərinin sözlərinə görə, tam əminliklə demək olar ki, erməni ordusu mövcud deyil:

“Ermənistanın ordu potensialını bərpa etmək üçün on illər və böyük miqdarda vəsait lazımdır. Belə məqamda düşmən tərəfin Azərbaycan Ordusunun başlatdığı 10 minlik hərbi təlimlərdən narahatlıq duyması anlaşılan və təbiidir. Müharibədən öncə Ermənistan tərəfi Türkiyə və Azərbaycanın birgə təlimlərindən də qorxu ilə bəhs edir, təşvişə düşdüyünü açıqca hiss etdirirdi. Lakin vurğulandığı kimi, martın 18-dək davam edəcək hərbi təlimlərdə məqsədimiz Qarabağdakı terror ehtimalına qarşı önləm almaqdır. Erməni separatçıları bir neçə dəfə təxribata əl atıblar və bundan sonra atmayacaqlarına heç kim təminat vermir. Həm də erməni quldurlarının Qarabağın müxtəlif bölgələrinə daşınması ilə bağlı informasiyalar yayılır. XİN rəhbəri səviyyəsində məsələyə münasibət bildirilməsi də vəziyyətin ciddiliyindən xəbər verir. Qarabağdakı ermənilər, o cümlədən Ermənistandakı siyasilər revanşist düşüncədən birdəfəlik vaz keçməlidirlər. Başıpozuq xunta rejiminin rəhbərlərinin, separatçıların təhrikinə aldanmamalıdırlar. “Ermənistan Ordusu yenidən formalaşır” tipli bəyanatlar isə tamamilə uydurma və yalandır. Erməni ictimaiyyətinin məsuliyyətsiz fikirlər səsləndirən siyasi fiqurların ardınca getməsi onları bütövlükdə məhvə sürükləyir. Azərbaycan Ordusu isə istədiyi vaxt, beynəlxalq hüququn da verdiyi dəstəklə rəsmi sərhədləri daxilində anti-terror əməliyyatları keçirə bilər. Əlbəttə, biz yerimizdə dayanmamalıyıq, çünki hələ hər şey bitməyib. Ordumuzu texniki və komanda heyəti baxımından durmadan gücləndirməli, daha mobil səviyyəyə gətirməliyik. Belə təlimlər də ordumuzun güclənməsinə fayda verir”. 

A.Əlizadə vurğulayıb ki, Ermənistan tərəfi “hərbi təlim” şousu ilə erməni cəmiyyətini mümkün qədər sakitləşdirməyə çalışır:

“Göstərmək istəyir ki, guya, hələ erməni ordusu qalır, gücü yerindədir və lazım olan anda müqavimətini ortaya qoyacaq. Əlbəttə, bunun yalan olduğunu erməni cəmiyyəti özü də yaxşı bilir. Xatırladım ki, Ermənistanda illik büdcənin müzakirəsi zamanı ən az vəsait orduya ayrılıb. Siyasilər vurğulayıblar ki, madam ki, erməni ordusu həqiqətdə yoxdur və heç nəyə qadir deyil, o zaman böyük məbləğdə vəsait ayrılmasına da ehtiyac yoxdur. Onsuz da ölkə iqtisadiyyatı çökmüş durumdadır. Bütün bunlar bir daha sübut edir ki, işğalçı Ermənistan ordusunun yenidən dirçəldilməsinə ermənilərin özü belə inanmır”. 

Təlimləri “Şərq”ə dəyərləndirən ehtiyatda olan polkovnik Cəlil Xəlilov da bildirib ki, zabit və əsgərlər yeni texnikaları tətbiq etməyi öyrənməli, hərbi bilgilərə yiyələnməli, döyüş taktikalarını dərindən mənimsəməlidir. Ekspertin sözlərinə görə, ordu təlimlərlə güclənir və təkmilləşir:

“Hərbi təlimlərin dağlıq və meşəlik relyefdə keçirilməsi olduqca önəmlidir. Regiondakı durum hamıya bəllidir. Hər an Qarabağın məlum bölgəsində erməni təxribatı, terrorçu qrupların qanunsuz fəaliyyəti ilə rastlaşa bilərik. Ona görə də silahlı qüvvələrimiz daim hazırlıqlı vəziyyətdə olmalı, ayıq-sayıqlıqlarını itirməməlidir. Torpaqlarımızı işğaldan azad etdikdən sonra qarşımızda duran ən böyük vəzifə ərazilərimizi düşməndən qorumaq və istənilən təcavüz cəhdinə ən sərt şəkildə cavab verməkdir”. 

C.Xəlilov hesab edir ki, düşmənlərimiz və onların havadarları Azərbaycan Ordusunun gücünü hər zaman hiss etməlidir:

“Təlimlər qonşu ölkələrə hərbi qüdrətimizi unutdurmayacaq. Sülh şəraitində Silahlı Qüvvələrimizi elə həddə çatdırmalıyıq ki, bundan sonra heç kim bir qarış torpağımıza göz dikməyə cəsarət etməsin”.