Minalanmış ərazilərin xəritəsi alınmalıdır


Rusiya dövləti Ermənistana təsir gücündən, bütün təzyiq vasitələrindən istifadə etməlidir


Torpaqlarımız işğaldan azad olunduqdan sonra bəlli oldu ki, ərazilərimizdə çox böyük miqyaslı minalanma həyata keçirilib. Hazırda minalanmış ərazilər qarşıda duran ciddi problemdir. Xeyli müddətdir ərazilərin minalardan təmizlənməsi prosesi getsə də, axtarışların hələ uzun çəkəcəyi deyilir. Çoxsaylı müraciətlərə baxmayaraq, Ermənistan tərəfi hələ də minalanmış ərazilərin xəritəsini Azərbaycana təqdim etməkdən imtina edir. Məsələni Xarici işlər naziri Ceyhun Bayramov da gündəmə gətirib. Slovakiyalı həmkarı İvan Korçokla görüşündə vurğulayıb ki, xəritənin təqdim edilməməsi Azərbaycana qarşı təcavüzün davam etməsidir.

Nazir xatırladıb ki, 10 noyabrdan bu günə qədər işğaldan azad edilmiş ərazilərdə minaların partlaması nəticəsində 18 nəfər dünyasını dəyişib, 79 nəfər xəsarət alıb. Ötən gün isə Ağdamda mina partlayışı nəticəsində 2 mülki şəxs həlak olub. C.Bayramov qeyd edib ki, bu istiqamətdə beynəlxalq təşkilatlar və dünya dövlətləri Ermənistana təzyiqlər göstərməlidir. 

Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov da bildirib ki, minalanmış ərazilərin xəritəsinin verilməsi texniki məsələdir. Bu, zaman-zaman konflikt olan ölkələr arasında yaşanıb və texniki məsələ kimi həllini tapıb. Onun sözlərinə görə, Ermənistan bunu siyasi məsələyə çevirib. 

Millət vəkili Arzu Nağıyev “Şərq”ə deyib ki, Ermənistan tərəfi işğal etdiyi ərazilərdə 340 milyon dollar dəyərində mina basdırıldığını özü etiraf edib. Deputatın sözlərinə görə, ermənilərin əlində mühəndis qurğularının qurulmasını və keçmiş təmas xəttini əks etdirən xəritələrin olmaması inandırıcı deyil:

“İşğalçılıq və terrorçuluq siyasəti həyata keçirən bir dövlətdən humanist addım gözləmək əbəsdir. Rusiya dövləti Ermənistana təsir gücündən, bütün təzyiq vasitələrindən istifadə edib xəritələrin verilməsini təmin etməlidir. Eyni zamanda beynəlxalq təşkilatlar da bu məsələyə böyük maraq göstərməlidir. Ermənilər “əsir və girovlar”la bağlı fasiləsiz hay-küy salırlar.

Məlumdur ki, əlimizdə 10 noyabrdan sonra Azərbaycan ərazilərində teraktlar törətməyə cəhd edən ermənilər var. Yerevan bu məsələni də ciddi düşünməlidir. Əgər sülh istəyirlərsə, xəritələri təhvil versinlər.

Niyyətləri başqadırsa, məkrli məqsəd güdürlərsə, bunun nəticəsi heç də yaxşı olmayacaq. Mən ilk növbədə beynəlxalq təşkilatlara, Rusiya sülhməramlılarına və Ermənistan hökumətinə səslənirəm. Tezliklə əllərində olan xəritələri bizə təslim etsinlər”. 

A.Nağıyev vurğulayıb ki, Ermənistan tərəfinin xəritələri verməkdən imtina etməsinin səbəbləri var:

“Erməni ordusunun rəhbərləri və Qarabağdakı quldurlar tərəfindən böyük yeyinti halları olub. Bəlkə də minalarla bağlı açıqlanan rəqəmlərlə xəritədəki qeydlər üst-üstə düşmür. Məhz bunu gizlətmək üçün xəritələrin onlarda olmadığını iddia edirlər. Digər tərəfdən isə gələcəkdə hansısa terror aktında minalanmış ərazilərin rolunun böyük olacağına ümid edirlər. Ona görə də hansısa yolla xəritələr mütləq ermənilərdən alınmalıdır”.