“Ermənistan sülh sazişindən yayınır” – Nə etməli? – İZAH

“Azərbaycan tərəfi Ermənistanı məcbur etməlidir”

“Məsələ vasitəçilər sayəsində Ermənistanın qarşısına israrla qoyulmalı və icrası təmin edilməlidir”


Ermənistanda keçirilən parlament seçkiləri başa çatdıqdan sonra 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixlərində imzalanmış üçtərəfli razılaşmaların icrası aktuallaşdı. Bu məsələ Azərbaycan və Rusiya prezidentləri arasındakı sonuncu telefon danışığı zamanı da müzakirə olunub. Aydındır ki, razılaşmaların həyata keçirilməsi birbaşa Azərbaycan və Ermənistanın ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınmasından asılıdır. Rəsmi Bakı buna hazırdır, amma İrəvan hələ qərarsızdır.

Doğrudur, ilk işarələrdən sezmək olur ki, Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıyan müqaviləyə imza atacaq. İrəvanda dərc edilən “Hraparak” hətta təxmini tarixləri də (sentyabr ayı) qeyd edib.

Maraqlıdır, həqiqətən də Ermənistan sülh müqaviləsini imzalayacaqmı?

Sabiq Xarici işlər naziri Tofiq Zülfüqarov “Sherg.az”a bildirib ki, sülh sazişinin imzalanması Azərbaycan üçün də vacibdir:

“Çünki bu saziş ilə Ermənistan rəsmi olaraq əraziləri iddialarından imtina etməlidir. Ancaq görürük ki, ermənilər bu məsələdən yayınırlar və müxtəlif bəhanələrlə hələ də üçtərəfli bəyanatın bəndlərini həyata keçirməkdən boyun qaçırırlar. Həmin bəhanələrdən biri ondan ibarət idi ki, guya Ermənistanda gərgin siyasi vəziyyət var. Ona görə də bu vəziyyətdə hansısa addımları atmaq siyasi baxımdan təhlükəlidir. Seçkilərdən sonra isə belə bir bəhanələr öz qüvvəsini itirir. Bu baxımdan gözlənilən məsələləri qısa müddətdə həll etmək olar”.

T.Zülfüqarov qeyd edib ki, sülh sazişindən başqa vacib olan digər mövzular da var:

“Məsələn, Zəngəzur dəhlizinin açılması, işğal altında olan ərazilərin qaytarılması, Qazaxın 7 və Naxçıvanın Kərki kəndinin taleyi. Əsas məsələ odur ki, Ermənistan Azərbaycanın daxili işlərinə müdaxiləni müxtəlif yollarla davam etdirir. Ara-sıra məlumatlar gəlir ki, hansısa yüksək səviyyəli məmurlar Ermənistandan gəlib sülhməramlıların nəzarətində olan bölgələri ziyarət ediblər. Bu da bir növ daxili işlərimizə müdaxilə deməkdir. Rəsmən bu kimi hallara son qoyulması üçün Azərbaycan tərəfi Ermənistanı məcbur etməlidir. Məsələ vasitəçilər sayəsində Ermənistanın qarşısına israrla qoyulmalı və icrası təmin edilməlidir”.