Düşməni əndişəyə salan MESAJ:“Ordumuz türk, yəni NATO modelinə keçir”

Xəbər verdiyimiz kimi, Ali Baş Komandan, Prezident İlham Əliyevin 26 iyunda hərbçilərimizlə görüşü keçirilib. Ölkə başçısı Silahlı Qüvvələr Günü münasibətilə "Gülüstan" sarayında Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətini qəbul edib.
Ali Baş Komandan görüş zamanı bir sıra mühüm məsələlərə diqqət çəkib:

“Ermənistanın inkişafı üçün də yeganə yol var - öz qonşuları ilə normal münasibətlər qurmaq və ərazi iddialarından əl çəkmək, Dağlıq Qarabağ sözünü ümumiyyətlə işlətməmək. Çünki Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur, Dağlıq Qarabağ münaqişəsi anlayışı yoxdur. Mən bunu dəfələrlə demişəm və bir daha demək istəyirəm ki, Dağlıq Qarabağ münaqişəsi həll olunub, Ermənistan da bunu belə qəbul etməlidir və bizimlə sərhədlərin müəyyən edilməsi istiqamətində iş aparmalıdır. Delimitasiya üzrə işçi qrup yaradılmalıdır. Sülh müqaviləsinə hazırlıq işləri getməlidir. Biz bunu bəyan edirik. Biz qalib ölkəyik. Ermənistanı məhv etmişik, siz yaxşı bilirsiniz hansı çətin şərait əsasında. Onlar 30 il istehkamlar, 6 müdafiə xətti qurmuşdular. O bölgənin təbii relyefi onlar üçün çox əlverişli idi. Biz qəhrəman övladlarımızın canı-qanı bahasına, qəhrəmanlığı bahasına bu torpaqları azad etmişik. Ölümə gedirdi bizim gənclərimiz, əsgərlərimiz, zabitlərimiz. Hər kəs bunu deyirdi - öldü var, döndü yoxdur. Biz belə çətin şəraitdə qələbə qazanmışıq. Ona görə Ermənistan tam dərk etməlidir ki, biz istənilən hərbi vəzifəni icra edə bilərik və heç kim bizi dayandıra bilməz. Onlar bilməlidirlər ki, “Dəmir yumruq” yerindədir”.

Görüş barədə “Sherg.az”a danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Ali Baş Komandanımızın hərbçilərimizi qəbul edərkən gələcəkdə ordumuzun say tərkibi və silahlanmasına dair verdiyi  mesajlar çox önəmli idi:

“Əslində bu mesajlar Ermənistan tərəfinin dərin narahatlığına səbəb olacaq. Adətən müharibə başa çatdıqdan sonra silahlı qüvvələrdə şəxsi heyətin ixtisarı, say tərkibinin azalması ilə qarşılaşırıq. Bunu beynəlxalq təcrübə də deməyə əsas verir. Biz isə tam əksinə türk modelinə, yəni NATO modelinə keçirik, həm də silahlı qüvvələrimizin sayt tərkibini artırırıq. Bu da gələcəkdə Ermənistanın Azərbaycana qarşı revanşist niyyətlərə düşməsi zamanı onlara çətin başa gələcək. Hazırda Ermənistanın büdcəsi 600 milyon dollardır. Bunun isə Azərbaycanın gələcək büdcəsindən 7 dəfə az olması Ermənistanın atacağı addımların real olmadığını göstərir. Dolayısı ilə Ermənistan həmin büdcə ilə əsgərlərini yalnız geyindirib keçindirə, maaşlarını verə bilər. Odur ki, onların səsləndirdiyi revanşist fikirlərin heç bir əsası yoxdur. Bunu həyata keçirmək üçün adekvat hərbi büdcə ilə ortaya çıxmalı idilər”.

Ə.Verdiyev vurğulayıb ki, digər vacib nüans Azərbaycanın tərəfdaşları ilə həm birgə təlimlər keçirilməsi, həm müdafiə sahəsində əməkdaşlığı Qarabağın və Azərbaycan Silahlı Qüvvələrinin gələcəyinə yönəlik mesajlar idi:

“Ehtimal etmək olar ki, yaxın gələcəkdə həm Şuşa Bəyannaməsindən, həm də bu tələblərdən irəli gələn və Ermənistanı narahat edən addımlar atacağımız qaçılmazdır. Rəsmi İrəvanın qısa müddətdə Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiyası, daha sonra da sülh sazişi imzalaması onlar üçün bəlkə də yeganə məntiqli addım olar. Artıq seçkilər də bitib, ancaq zaman-zaman təxribatlara rast gəlirik. Hesab edirəm ki, Paşinyan hökuməti qurduqdan sonra revanşist qüvvələrə rəvac yaradan insanlar da Azərbaycan tərəfinə qaytarılmalıdır. Bu, Ermənistan üçün ən rahat və təhlükəsiz bir addım olardı”.