Ermənistan yekun sülh müqaviləsini imzalamasa...-“Özünə problemlər yaradacaq”  

Prezident İlham Əliyev Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim edilməsi mərasimindəki çıxış edib. O, bildirib ki, biz Ermənistanla sülh müqaviləsini imzalamağa hazırıq. Yəni, bu işlərin başlanmasına hazırıq. Ancaq Ermənistan tərəfindən buna reaksiya yoxdur, rəsmi reaksiya yoxdur. Qeyri-rəsmi kanallarla bizə çatan məlumat budur ki, Ermənistan buna hazır deyil.
“Hesab edirəm, bu çox böyük bir səhv olacaq. Necə ki, müharibə ərəfəsində və müharibə dövründə Ermənistan tərəfi böyük səhvlər buraxıb, hərbi cinayətlər törədib. Bu, növbəti böyük səhv ola bilər. Çünki bizim bu təklifimiz yeni real vəziyyətə əsaslanır. Biz hesab edirik ki, məsələ həll olunub, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi olmalıdır. Bir-birinin ərazi bütövlüyünün tanınması olmalıdır, sərhədlərin tanınması olmalıdır, delimitasiya işlərinə start verilməlidir. Onu da bildirməliyəm ki, delimitasiya işləri ilə bağlı indi beynəlxalq təşkilatlar da müsbət reaksiya verirlər. Əgər Ermənistan bunu etmək istəmirsə, özü bilər, ancaq yaxşı fikirləşsinlər, sonra gec ola bilər. Necə ki, vaxtilə əgər öz xoşları ilə bizim torpaqlarımızdan çıxsaydılar, bu qədər rəzil duruma düşməzdilər. Bizim bu təklifimiz qalib ölkənin təklifidir, güclü tərəfin təklifidir, müzəffər xalqın təklifidir. Əgər buna Ermənistanda mənfi reaksiya varsa, bunu da özləri bilərlər. Amma yenə də deyirəm, yenə də peşman olacaqlar. Biz isə bundan sonra ancaq və ancaq irəli gedəcəyik. Biz bütün quruculuq işlərimizlə bağlı planları sistemli şəkildə həyata keçiririk və artıq quruculuq işlərinə start verilib. Biz, dediyim kimi, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. İnsanlar ora qayıdacaq, öz dədə-baba torpağında rahat yaşayacaqlar”, - deyə dövlət başçısı əlavə edib.

 Millət vəkili Zahid Oruc yekun sülh müqaviləsi barədə “Sherg.az”a danışdı. Onun fikrincə, yekun sülh müqaviləsi ən çox İrəvanın özünə lazımdır:

“Şuşa və Naxçıvan istiqamətlərində atəşkəsin pozulması onu deməyə əsas verir ki, Ermənistanda hakimiyyətə tabe olmayan, itaətsizlik edən qüvvələr var. Onlar gələcək sülhə mane olmaq istəyirlər. Paradoks ondan ibarətdir ki, qarşıdakı 10-15 il ərzində Ermənistanın hansısa müharibəyə başlaması imkanı olmayacaq. Bunu daxildəki siyasilər də dərk edirlər. Sülh isə çıxış yoludur. Əks halda demoqrafik böhran, emiqrasiya daha ciddi problemlər yaradacaq. Belə getsə, 2050-ci ildə yerli əhli cəmi bir milyon qalacaq”.

 Z.Oruc, həmçinin proseslərin gələcək inkişafından söz açdı: 

“Bizim “yol xəritəmiz” məlumdur. Ermənistan iddialarından əl çəkməlidir. Düşmən ordunun “qalıqları” Qarabağdan çıxmalıdır, torpaqlarımıza qayıdış təmin olunmalıdır. Sonra isə birgə yaşayış barədə danışıla bilər. Vətəndaşlığımızı, konstitusiyamızı qəbul edən erməninin Qarabağda yaşaması üçün problem yoxdur. Onu da deyim ki, yekun sülh müqaviləsi təkcə iki ölkə arasında imzalanan sənəd olmayacaq, regional əhəmiyyət daşıyacaq. Yəni eyni dərəcədə həm də Türkiyəni, Rusiyanı, İranı, Gürcüstanı maraqlandıracaq. Odur ki, biz diplomatik müstəvidəki qətiyyətimizi davam etdirməliyik”.