Başqa yolu yoxdur!- “Qərbi Zəngəzura qayıdırıq”

“Prezident İlham Əliyevin Xocasəndə şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim edilməsi mərasimindəki çıxışı zamanı verdiyi möhtəşəm açıqlamalar, əslində, əvvəllər dediyi fikirlərin məntiqi davamı və yekunudur: biz qayıdacağıq!”.
Bu sözləri “ Sherg.az”a açıqlamasında millət vəkili Əziz Ələkbərli söyləyib.
Deputatın sözlərinə görə, cənab Prezident dəfələrlə bildirib ki, 1988-ci ildə indiki Ermənistan ərazisindən bizim 300 min nəfərə yaxın soydaşımız minillər boyu yaşadıqları ərazilərdən qovulub çıxarılıblar:

“Halbuki o ərazilər bizim tarixi torpaqlarımızdır, biz mütləq o torpaqlara qayıdacağıq, bu, bizim strateji hədəfimizdir. Və cənab Prezident Xocasəndə yenə də bildirdi ki, “Şərqi Zəngəzur varsa, deməli, Qərbi Zəngəzur da var.

Bəli, Qərbi Zəngəzur bizim dədə-baba torpağımızdır, biz oraya qayıtmalıyıq və qayıdacağıq və qayıdırıq. Heç kim bizi dayandıra bilməz. Mütləq qayıdacağıq, çünki bunun başqa yolu yoxdur”.

Cənab Prezidentin bu çıxışından sonra Azərbaycanda möhtəşəm bir ruh yüksəkliyi, Ermənistanda isə dəhşətli bir vahimə yaşanmaqdadır. Bu da çox normaldır. Çünki hər kəs çox gözəl bilir ki, Azərbaycan Prezidenti nə vaxt nə deyibsə, onu da edib, bu gün də deyirsə ki, Zəngəzura, Göyçəyə, İrəvana qayıdacağıq, deməli, mütləq qayıdacağıq”.

 Ə.Ələkbərli qeyd edib ki, qorxuya düşən ermənilər ənənəvi olaraq haray-həşir qopartmaqdadırlar:

“Guya ki, Prezident İlham Əliyev ərazi idiası ilə çıxış edib. Halbuki cənab Prezident dəfələrlə bildirib ki, bizim Ermənistana ərazi iddiamız yoxdur. Lakin bu, o anlama gəlmir ki, biz öz tarixi torpaqlarımızdan imtina edirik. Bəli, Azərbaycanın Ermənistana ərazi iddiası yoxdur, amma Ermənistandakı tarixi ərazilərimizə iddiamız var. Həm də haqlı iddiamız var! Bunlar ayrı-ayrı məsələlərdir. Belə hesab edirəm ki, Azərbaycan xalqı tezliklə Müzəffər Ali Baş Komandanımızın yeni-yeni tarixi addımlarının şahidi olacaq”.