Təxribatlar ara vermir!- “Minsk Qrupunu regiona gətirmək cəhdləri...”

Ermənistan təxribatlarına ara vermirlər. Bu dəfə düşmən Naxçıvan istiqamətində atəşkəsi pozub. Qarşı tərəf cavab atəşi ilə susdurulub. Maraqlı olan Ermənistanın bu cəsarəti haradan, kimdən almasıdır? Heç bir resursu, potensialı olmayan tərəf niyə belə adım atsın ki? “Sherg.az” olaraq proseslər və baş verənlərin gələcək perskpektivləri barədə BDU-nun Jurnalistika fakültəsinin pofessoru, siyasi şərhçi Qulu Məhərrəmli ilə söhbətləşdik:

- Ard-arda baş verən provokasiyalar nə ilə bağlıdır?

- Bunun müxtəlif səbəbləri ola bilər. Birincisi, ola bilsin, təxribatlar daxili ictimai rəyin formalaşdırılmasına hesablanıb. Belə ki, Paşinyan bu cür addımlarla guya ordunun hələ də qüvvədə olduğunu, Azərbaycan üçün təhlükə yarada biləcəyini göstərmək istəyir. İkinci ehtimal diqqəti daxili xaotik vəziyyətdən yayındırmaqdır. Başqa variantlar da var.

- Nə kimi?

-  Analoji hadisələr vasitəsilə sülhməramlıların rolunu şişirtmək də istisna deyil. Yəni guya rus hərbçiləri olmasa, vəziyyət çox gərginləşər. Hər halda bölgədə üçüncü tərəf qaldığı müddətcə bizə yeni problemlər yarana bilər. ATƏT-in Minsk Qrupunu regiona gətirmək cəhdləri isə əbəsdir. Mövqeyimiz ortadadır. Prezident dəfələrlə deyib ki, münaqişə həll olunub, “Dağlıq Qarabağ” daha yoxdur.

- Növbəti anti-terror əməliyyatı və ya yeni müharibənin başlanması barədə proqnozlarınız necədir?

- Bu, real görünür. Sərhəd bölgəsində, kimsənin ərazisinə girmədən düşmənin atəş nöqtələrini susdurmaq lazımdır. Və kimsə bu zaman bizə “Gözün üstündə qaşın var” deyə bilməz. Çünki söhbət sərhəd bölgələrimizin təhlükəsizliyindən gedir.

- Bəs bu zaman Moskvanın mövqeyi necə olacaq?

- Azərbaycan diplomatiyası son illərdə bəzi uğursuz epizodlara baxmayaraq, Rusiya ilə normal münasibətlər qurub. Bir sıra məqamlarda Moskva ilə maraqlarımız üst-üstə düşür. Məsələn, ermənilərin “ərköyünlüyündə”. Odur ki, fikrimcə, şimal qonşumuz bitərəfliyini qoruyacaq.