“Təxribatlar bilavasitə Rusiyanın işidir”

“Rəsmi Moskvanın yeganə məqsədi odur ki, ortada qan və itkilər olsun”

“Yenə də ATƏT-in Minsk qrupunun həmsədrləri peyda olub mənasız danışıqlar aparmağa başlasınlar”

“Kreml də bundan sonra 5 il yox 15-20 il bölgədə olsun”



Dünəndən etibarən Ermənistan silahlı qüvvələri tərəfindən dövlət sərhədi boyu mövqelərimiz atəşə tutulub Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bu gün saat 08:30-da isə Vedi rayonunun Arazdəyən kəndi yaxınlığında yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərinə müxtəlif çaplı silahlardan atəşə açılıb. Azərbaycan ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Baş verənlərlə bağlı “Sherg.az”a danışan hərbi ekspert Üzeyir Cəfərov vurğulayıb ki, təxribatlar bilavasitə Rusiyanın işidir:

“Ermənistanın adını çəkirik, amma birbaşa məsuliyyəti Rusiya Federasiyası və sülhməramlıları daşıyır. Çünki Rusiya 2020-ci il 10 noyabr sazişinin müddəalarına əməl etmir, onların birinci işi qeyri-qanuni silahlı birləşmələrin tərkisilah edilməsi idi. Ancaq bu haqda düşünmürlər və bölgədə vəziyyətin gərginləşməsinin marağındadırlar. Bu gün Rusiya öz əlaltıları vasitəsilə məkrli planlarını irəli sürür. İstəyirlər ki, Gümrüdəki  ikinci bazadan da çox şəxsi heyət toplasınlar. Nə etməli olduğumuzun ən yaxşı cavabını cənab Prezident bilir. Vətəndaşlarımızı və əsgərlərimizi təhlükə altına ata bilmərik. Amma görünən odur ki, Rusiya hansısa addım atmaq istəmir”.

Ü.Cəfərov qeyd edib ki, rəsmi Moskvanın yeganə məqsədi odur ki, ortada qan və itkilər olsun, yenə də ATƏT-in Minsk qrupunun həmsədrləri peyda olub mənasız danışıqlar aparmağa başlasınlar:

“Kreml də bundan sonra 5 il yox 15-20 il bölgədə olsun. Belə gedişlə Azərbaycan vətəndaşları və rəhbərliyi qarşısında kəskin məsələ qaldıracaqlar. Yəni Rusiya sülhməramlıları bölgədən rədd olub getsinlər. Mən də bir azərbaycanlı vətəndaş olaraq səsləndirirəm ki, rusların qanında hər cür yaramazlıqlar var. Onlar bunu dəfələrlə sübut ediblər.

Ya ağıllarını başlarına yığmalı və işlə məşğul olmalı, ya da Azərbaycan bu məsələni kəskin şəkildə ortaya qoymalıdır ki, bizə belə “sülhməramlı” lazım deyil.

Azərbaycan BMT qətnamələrinin tələblərindən irəli gələn məsələləri sona qədər yerinə yetirəcək. Biz prinsip etibarilə bu məsələni həll etmişik, yalnız texniki məsələlər qalıb. Ermənilərin nazı ilə oynaya bilmərik. Ermənilər hələ o gücdə deyillər ki, bizimlə baş-başa gəlsinlər. Onları qızışdıranlar var.

Bunlar da Rusiya və Fransadır. Çünki Paşinyan ötən həftələrdə Moskvaya gedib Putinlə görüşündə ondan müəyyən təlimatlar aldı. Xalqımızın səbri sonsuz deyil. Baş verənlər bilavasitə Rusiyanın təxribatıdır”.