Azərbaycanın bu iki ölkə ilə müttəfiqliyi ölkəmizin təhlükəsizliyi üçün xüsusi əhəmiyyət kəsb edir
Bu həftə Bakıda Azərbaycan, Pakistan və Türkiyə parlamentləri sədrlərinin və nümayəndə heyətlərinin ilk üçtərəfli iclası keçiriləcək.
Politoloq Məhəmməd Əsədullazadə "Şərq"ə Bakı bəyannaməsi adlı üçtərəfli sənədin imzalanmasının əhəmiyyətindən danışıb. Politoloqun sözlərinə görə, Türkiyə, Azərbaycan və Pakistan parlament sədrlərinin bir araya gəlib, Bakı bəyannaməsi imzalaması, Şuşa bəyannaməsindən sonra regionda yeni bir siyasi-hərbi platformanın qurulmasıdır:
"Türkiyə məhz regional strateji mövqeyini gücləndirmək üçün xüsusilə, Mərkəzi Asiya, Orta Şərqdə Azərbaycan və Pakistanla birgə əməkdaşlığa əsaslanır. Bakı bəyannaməsi siyasi əməkdaşlığı nəzərdə tutsa da, artıq hər iki ölkə Azərbaycanla sıx hərbi əməkdaşlığa malikdir. Və hər iki ölkənin hərbiçiləri Azərbaycanla birgə koordinasiyalı çalışır, birgə hərbi təlimlər keçirir. Ümumiyyətlə, Bakı bəyannaməsinin digər əhəmiyyətli hissəsi Pakistanla ikitərəfli, həmçinin üçtərəfli hərbi əməkdaşlığı inkişaf etdirəcək".
M.Əsədullazadə qeyd edib ki, Cənubi Qafqazda Azərbaycan Türkiyə və Pakistanın hərbi dəstəyini alması gələcək perspektivdə birgə bir ordunun yaradılması mümkün ola bilər. Bura Mərkəzi Asiyanın türk dövlətlərinin də üzv olması reallaşa bilər.
Türkiyənin strateji planı budur və regionda proseslər Azərbaycanın lehinə dəyişir. Qeyd edim ki, Ermənistanın Azərbaycanla üçtərəfli sazişə əməl etməməsi, Fransanın və Rusiyanın Ermənistanın vasitəsilə təxribatlara əl atması, məhz Türkiyənin regionda artan aktivliyindən qaynaqlanır. Şuşa və Bakı bəyannaməsi Azərbaycana hər iki ölkənin müttəfiqi olduğunun göstəricisidir.
Pakistanın Azərbaycanla əlaqələrini inkişaf etdirməsi bu ölkənin Mərkəzi Asiya vasitəsilə Avropaya çıxışında təmin etməklə yanaşı, regionda təsir gücünün artmasına gətirib çıxaracaq. Xüsusi olaraq diqqətə çatdırım ki, hər iki ölkə güclü orduya və nüvə silahına malikdir.
Azərbaycanın bu iki ölkə ilə müttəfiqliyi ölkəmizin təhlükəsizliyi üçün xüsusi əhəmiyyət kəsb edir. Belə bir üçtərəfli ittifaqın zəruriliyi Türkiyənin və Pakistanın siyasətlərinin üst-üstə düşməsindən irəli gəlir.
Hər iki ölkə öz regionlarında uzun illər ABŞ təsirində olub. Hazırda aktiv müstəqil siyasətə malik olaraq öz regional maraqlarını təmin edirlər".