Nihad mayoru xilas etmək istəyəndə şəhidlik zirvəsinə yüksəlib
Vətən ətirli oğullarımız var. Onlar gözlərini belə qırpmadan canını torpaq uğrunda qurban verən igidlərimizdir. Qarabağ adlı dərdi millətin köksündən canları, qanları bahasına söküb alan qəhrəmanlarımızdır.
Onlardan biri də Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Son Qarabağ savaşında qəhrəmancasına şəhid olan Nihad Abdullayevdir.
Nihad 2002-ci ilin aprel ayında Ağstafa rayonunda dünyaya göz açıb. Ə.Hüsyenov adına 1 saylı tam orta məktəbdə 2008-2019-cu illərdə təhsil alıb. Məzun olduqdan bir müddət sonra hərbi xidmətə yola düşüb. Vətən müharibəsində iştirak edib. Füzuli və Xocavəndin azadlığı uğrunda savaşıb. Xocavənd rayonu ərasizində gedən döyüşlərdə şəhadətə ucalıb.
Əslində Nihaddan bir neçə ay öncə yazmalı idim, gecikdim. Hər dəfə bir hadisə baş verdi. May ayında yazını hazırlamaq üçün işə başladım. O zaman Nihadın sağ olması ilə bağlı xəbərlər yayıldı. Lakin məlum oldu ki, xəbər yalandır. Sonra əlim gəlmədi yazmağa. Sanki deyilənlər doğru olacaqmış kimi ümidlə gözlədim... Olmadı. Nihad da hələ gənc yaşında şəhidlik zirvəsində öz layiqli yerini aldı.
Atası Adil Abdullayev ilə şəhadətindən üç gün əvvəl danışıb. “Şərq”lə həmsöhbət olan şəhid atası oğlunun sözlərini xatırlayır:
“Deyirdi, ata, sən mənimlə fəxr edəcəksən. Son zəngindən üç gün keçmişdi, şəhidlik xəbərini eşitdik. Elə oğul böyütməyimlə fəxr edirəm. O, yaralı olsa da, iki silahdaşını döyüş bölgəsindən çıxarıb. Mayoru xilas etmək istəyəndə şəhidlik zirvəsinə ucalıb”.
Anası Kəmalə xanım da oğlu ilə söhbətlərini yada salır:
“Söyləyirdi ki, şəhid olsam, başını uca tut. Çox tərbiyəli uşaq idi. Məktəbdə dərslərinə yaxşı hazırlaşırdı. Müəllimlərin hörmətini qazanmışdı. Həmişə başımı uca etdi. Oğlumla fəxr edirəm”.
N.Abdullayevin əmisi Bayram Abdullayev də Birinci Qarabağ müharibəsində şəhid olub. İgidimiz əmisinin qisasını almağı arzulayıb.
Bacısı Nigar qardaşı ilə son söhbətlərində ondan özünü qorumasını istəyib:
“Qayıdırdı ki, şəhid olanların hansından artığam? Deyirdi, şəhidsiz Vətən olmaz, torpağı biz qorumasaq, kim qoruyacaq? Söyləyirdi ki, əmimin intiqamını aldıq, artıq onun ruhu şaddır. Nənəmə bildirirdi ki, əmim kimi şəhid olacam, ağlamazsan, fəxr edərsən”.
Nihadı sinif yoldaşları, dostları bir an belə yaddan çıxarmırlar. Tez-tez onu ziyarət edirlər. Şəhidimizlə eyni məktəbdə təhsil alan, onun yaxın dostu Ayşən Tağızadə xatirələrindən söz açıb:
“Nihad çox saf, təmiz qəlbli insan idi. Ona nəsə olmasını istəmirdim. Mənimlə tez-tez əlaqə saxlayırdı. Əsgərlikdə olan zaman zəng edirdi. Komandirinin nömrəsini də bilirdim, zəng gələndə deyirdim, Nihaddır, telefona cavab verməliyəm. Çox sakit və tərbiyəli idi. Ondan nə qədər danışsam, az olar. Yaşının azlığına baxmayaraq hər kəsin hörmətini qazanmışdı. Son dəfə ötən ilin noyabrın 7-də danışdıq. Ayın 6-da səhər 5 radələrində tanımadığım nömrədən zəng gəldi.
Qorxa-qorxa cavab verdim, Nihadın səsini eşitdim. Dedim, bu vaxtı niyə zəng etmisən? Qayıtdı ki, bacı, darıxmışam da, zəng etməyim? Yeddisi günorta saatlarında yenə zəng etdi. Sevdiyi qızdan danışdı.
Dekabrda məzuniyyətə gələcəkdi. Şəhidlik xəbərini qonşusu yazdı ki, deyəsən, Nihad şəhadətə ucalıb. Söylədim ki, ola bilməz, bəlkə səhv edirsən. Mən də evlərinə getdim, gördüm ki, bayraq asılıb.
Onda hələ şəhidlik xəbəri dəqiq deyildi. Atası morqa getdi. Sonra dəqiqləşdi. Yenə də inana bilmirdim. Dəfn olunanda anladım ki, Nihad yoxdur, onunla bir də danışa bilməyəcəm.
Nihadın bir arzusu var idi. Özünə maşın almaq istəyirdi. İndi cənnətdə olduğuna, bizi gördüyünə, onun üçün necə darıxdığımı bildiyinə inanıram. Sinif yoldaşı olduğuma, mənə “bacı” dediyinə görə fəxr edirəm”.
Qeyd edək ki, Nihad Abdullayev ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.