Dünyanın kabusu: Turan gəlir

Gec-tez ortaq türk ordusu yaradılacaq

Ortaq türk ordusu yaradılması istiqamətində də bir sıra danışıqlar aparılır. Bu barədə Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop mətbuat konfransında jurnalistin ortaq türk ordusunun yaranıb-yaranmayacağına dair sualına cavab verərkən deyib. Parlament rəhbəri bildirib ki, anlaşmalar çərçivəsində iki ölkənin ortaq hərbi təlimləri keçirilir: “Türkiyə və Azərbaycan arasında bir çox anlaşmalar imzalanıb. Bunlar arasında hərbi müdafiə sənayesi sahəsində müəyyən razılaşmalar da var. Anlaşmalar çərçivəsində iki ölkənin ortaq təhsil çalışmaları da daxil olmaqla, bir çox razılaşmalar mövcuddur. Lakin bizim təməl şüarımız mərhum Heydər Əliyevin dediyi kimi “bir millət, iki dövlət”dir.

Bu istiqamətdə bir çox müzakirələr aparılır”. Müxtəlif vaxtlarda rəsmi və ya bəzi politoloqlar səviyyəsində türk dünyasının ortaq ordusunun yaradılmasının önəmindən danışılır, bir sıra təkliflər səsləndirilir. Bəzi ekspertlərə görə, vahid ordu deyildikdə, ortaq idarəetmə altında birləşdirilmiş, bütün strukturları ilə bir mərkəzdən idarə olunan qoşun nəzərdə tutulur.

Əlbəttə, belə bir ordunun yaradılması zaman tələb edir. Fərqli hərbi birləşmələri, hava qüvvələrini, ordu növlərini diqqətə gətirənlər prosesin xeyli vaxt aparacağını iddia edirlər.

Bəzən kənardan baxılanda NATO ölkələrinin ortaq orduya sahib olduğu güman edilir. Əslində NATO çərçivəsində hər hansı əməliyyatın keçirilməsi gündəmə gəldikdə, Şura tərəfindən qüvvələrin təşkil edilməsinə qərar verilir. Alyansa üzv olan ölkələrin imkanları nəzərə alınır və s. 



Hərbi ekspert, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli “Şərq”ə açıqlamasında deyib ki, gec-tez ortaq türk ordusu yaradılacaq. Ekspertin sözlərinə görə, proses buna doğru gedir:

“Türkiyə ilə birgə əməkdaşlıq istiqamətində bütün sahələrdə ciddi addımlar atılıb, mühüm qərarlar verilib. Təbii ki, önəmli sahələrdən biri də silahlı qüvvələrdir. İlkin olaraq Azərbaycanla Türkiyənin, sonrakı dövrdə isə digər türk respublikalarının ortaq ordu təsis etməsi vacibdir.

Belə bir ordu regionun təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynaya bilər. Azərbaycan Türkiyə ilə sıx hərbi əməkdaşlıq edir.

Yaxın gələcəkdə digər türk dövlətləri də bu prosesə həvəslə qoşulacaqlar. Variantlar çoxdur. Ortaq qoşun növü də yaradıla bilər. Eyni zamanda birgə kadrların hazırlanması, birgə silah-sursat istehsal edilməsi, ordu quruculuğunda ölkələrin bir-birinə dəstək verməsi şəklində də ortaqlıq mümkündür. Əməkdaşlığın növləri müxtəlifdir və dünyada örnəkləri var”.