Rəsmi Paris 10 noyabr bəyanatını dəstəkləyir
Makron Bakıya telefon zəngində bu dəfə nisbətən konsruktiv davranış sərgilədi
"Ötən gün Fransa Prezidenti Emmanuel Makron dövlət başçımız cənab İlham Əliyevə zəng etmişdi. Söhbət əgər iki dövlətin başçısı arasında telefon danışığından gedirsə, burada təşəbbüsün kimdən gəldiyi az önəm daşımır. O baxımdan ki, elə bu təşəbbüs özü edilən zəngdə ilk növbədə hansı tərəfin daha maraqlı olduğunu üzə çıxarır. İkinci Qarabağ savaşı başlayandan olunan digər üç telefon zəngindəki (27 sentyabr, 2-9 oktyabr) kimi avqustun beşində də təşəbbüsçü rolunda Makronun çıxış etdiyini görürük".
Bu fikirləri millət vəkili Sahib Alıyev deyib. Onun sözlərinə görə, savaş zamanı edilən zənglərdə Fransa Prezidentinin istəyi bəlli idi: "Anındaca döyüşlər dayandırılsın və tərəflər yenidən danışıqlara başlasınlar. O danışıqlara ki, ABŞ təmsilçisi Riçard Hoqlandın da etirafından bilindiyi kimi, nə onu təşkil edənlər, nə də işğalçı Ermənistan müsbət sonluqla bitməsində maraqlı idi. Savaş zamanı Emmanuel Makronun istəyinə Prezident İlham Əliyevin verdiyi cavab da, proseslərin necə davam etdiyi və nə ilə bitdiyi də heç kimə sirr deyil. O zaman və ondan sonra məhz Azərbaycana təzyiq məqsədilə Makronun həm Türkiyə, həm də ABŞ, Rusiya Prezidentləri və Almaniya kansleriylə ardıcıl telefon danışıqları da oldu.
Ancaq Fransanın BMT Təhlükəsizlik Şurasındakı bəlli cəhdi kimi həmin danışıqlar da rəsmi Parisin arzuladığı sonuclarla bitmədi. Belə görünür ki, Fransa prezidenti bütün bunlardan nəticə çıxararaq yenidən cənab İlham Əliyevin özünə zəng edərək nisbətən konsruktiv davranış sərgiləmək qərarına gəlib.
Son telefon danışığıyla bağlı hər iki tərəfin yaydığı açıqlamada 10 noyabr bəyanatından və oradakı məsələlərin tam həllini tapmasından, Ermənistan-Azərbaycan dövlət sərhədindəki vəziyyətdən və bir sıra problemlərin aradan qaldırlmasından söhbət getdiyi bildirilir. Maraqlıdır ki, Fransa Prezidentinin saytında rəsmi Parisin 10 noyabr Bəyanatını dəstəklədiyi də vurğulanır. Və yaydıqları açıqlamadan belə anlaşılır ki, budəfəki zəngində Makronun əsas istəyi Minsk qrupu həmsədrliyi institutunun ölmədiyini, regionda sabitliyin möhkəmlədirilməsində müəyyən rol oynaya biləcəyini qabartmaqdır".
S.Alıyev bildirib ki, Azərbaycanın bununla bağlı mövqeyi bəllidir:
"Ötən il dekabrın 12-də ATƏT-in Minsk qrupunun həmsədrləriylə görüşdə cənab İlham Əliyev onların uzun illər aparılan danışıqlar zamanı çözə bilmədikləri məsələləri artıq özümüzün həll etdiyimizi, münaqişənin bitdiyini və indi regionda ən aktual məsələnin qarşılıqlı faydaya dayanan əməkdaşlıq olacağını diqqətə çatdırmışdı. Bu əməkdaşlıq isə Fransa Prezidentinin rəsmi saytında da vurğulandığı kimi dəstəklədikləri 10 noyabr bəyanatında əksini tapan bütün məsələlərin həllindən, Zəngəzur dəhlizinin açılmasından sonra baş tuta bilər. Avqustun 5-dəki telefon danışığıyla bağlı yayılan açıqlamada diqqətimi çəkən bir məqam da Fransa tərəfin ikitərəfli əlaqələr üzərində də dayanıldığını unutmasıdır.
Fikrimcə, hər bir ölkənin prezidenti digəri ilə söhbətində ilk növbədə ikitərəfli əlaqələrdən çıxış etməlidir. Yəni hər bir dövlətin maraqları tələb edir ki, regionda yaranmış vəziyyət dəyərləndirilərkən bunun ikitərəfli əlaqələrə təsiri nəzərə alınsın.
Hər halda özünün yox, dövlətinin maraqlarını üstün tutan dövlət başçıları elə belə də edirlər. Təəssüf ki, Makronun bizim regiona yanaşmada atdığı addımlarda bu, elə də sezilmir. Yeri gəlmişkən, bu gün cənab İlham Əliyevlə cənab Rəcəb Tayyib Ərdoğan arasında da telefon danışığı olub. Onların Türkiyədəki yanğınlarla yanaşı, "postmünaqişə dövründə gedən regional proseslər barədə geniş fikir mübadiləsi" apardıqları açıqlanır.
Bu isə o deməkdir ki, kim nə düşüncədə olursa-olsun, hansı təzyiqlərə əl atırsa-atsın, regionda proseslər iki qardaş dövlətin başçısının təklif etdiyi yöndə gedəcək. Həm də ona görə ki, bizim təklifimiz mövcud reallıqla yanaşı, beynəlxalq normalara dayanır, bəzi dövlətlər kimi xudbincəsinə hərəkət etmirik".