"Sahibə xanım keçmiş spikerlərdən daha qeyrətli çıxdı"
Cümşüd Nuriyev: "İrana Xocalı soyqırımını tanımağı demək lazım idi"
Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova İran İslam Şurası Məclisinin sədri Məhəmmədbaqer Qalibaf ilə görüşüb. Milli Məclisin sədrini və Azərbaycan nümayəndə heyətini salamlayan İran parlamentinin spikeri dost və qonşu ölkənin nümayəndə heyətini Tehranda görməkdən məmnunluğunu ifadə edib. Bildirib ki, İranla Azərbaycan mühüm coğrafi, tarixi, mədəni və dini ortaq dəyərlərlə bir-birinə bağlı ölkələrdir. Səmimi görüş üçün təşəkkürünü bildirən Milli Məclisin sədri Sahibə Qafarova İranla dost və mehriban qonşuluq münasibətlərimizdən məmnunluğunu ifadə edib. Vurğulayıb ki, iki ölkə arasındakı yüksək səviyyəli münasibətlərin bərqərar olmasında dövlət başçılarımızın qarşılıqlı səfərləri mühüm əhəmiyyət kəsb edir. Bu səfərlər zamanı imzalanmış sənədlər qarşılıqlı əlaqələrimizin hüquqi bazasını təşkil edir. İki ölkə arasında parlamentlərarası əlaqələrdən danışan Milli Məclisin sədri bildirib ki, qarşılıqlı əlaqələrin inkişafında parlamentlərimiz mühüm rol oynayır.
Söhbət zamanı Milli Məclisin sədri bildirib ki, artıq Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşub. İndi Azərbaycanın Ermənistanın işğalından azad edilmiş ərazilərində genişmiqyaslı yenidənqurma və bərpa dövrü başlayıb. Spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, gələn il - 2022-ci ilin fevral ayının 26-da Xocalı soyqırımının 30-cu ildönümü tamam olacaq. Bu cür insanlıq əleyhinə törədilmiş cinayətlərə hüquqi-siyasi qiymətin beynəlxalq səviyyədə də verilməsi çox vacibdir. Spiker xatırladıb ki, bu günə qədər bir çox dövlətlər və beynəlxalq təşkilatlar Xocalı soyqırımını tanıyıb. Bunu nəzərə alaraq, İran parlamentinin Xocalı soyqırımı ilə bağlı sənəd qəbul etməsi bəşəriyyəti gələcəkdə buna bənzər hadisələrlə üzləşməkdən qoruya bilər. Görüşün sonunda hər iki ölkənin spikerləri bir-birilərini qarşılıqlı rəsmi səfərlərə dəvət ediblər.
Səfərlə bağlı fikirlərini bölüşən siyasi elmlər namizədi, politoloq Cümşüd Nuriyev "Şərq"ə açıqlamasında bildirib ki, Milli Məclisin sədri Sahibə xanımın belə addım atması çox təqdirəlayiqdir. Politoloq vurğulayıb ki, buna görə keçmiş deputat və vətəndaş kimi Sahibə xanıma minnətdardır:
"O, bir qadın kimi, Azərbaycan anası kimi Xocalıda soyqırıma məruz qalanların tanınması ilə bağlı cəsarətli addım atdı. Buna görə də bu addımı təqdirəlayiq hesab edirəm. Çünki bu, İrana deyilməli idi. Təbii ki, bilirik ki, İran bunu etməyəcək. Çünki farslarla hayların hamısı özlərini ayrı hesab etsələr də, əslində bütün müsəlman soyadlı ermənilərin hamısı fars kökənlidir. Bunu bütün dünya bilir. Qeyd edim ki, bizə İrandan vaxtilə 800 mindən çox erməni köçürülmüşdü. Təbii ki, İran parlamentinin bunu qəbul etməsini gözləmirəm, çünki onların Ermənistanla münasibətləri çox yaxşıdır. Amma bunun deyilməsi ilk növbədə Azərbaycanın parlamentinin mövqeyini ortaya qoydu. Çünki qanunverici orqan kimi əslində bu barədə parlament müraciət etməli idi. Ancaq çox təəssüf ki, indiyədək heç kəs müraciət etməmişdi. Çox sevindirici haldır ki, Sahibə xanım bizim digər parlament sədri olan kişilərimizdən daha qeyrətli çıxdı. Bunu xüsusi qeyd edirəm. Xanım da olsa belə bir ağır yükün altında girdi. Sübut elədi ki, Azərbaycanda aslanın dişisi, erkəyi olmur. Bununla birmənalı şəkildə mövqeyini ortaya qoydu. Düzdür, onun karyerasına ziyan gətirə bilər, yəni onun əleyhinə Azərbaycanda İranın bütün trolları sosial şəbəkədə təbliğata başlayacaqlar. Ancaq bir şeyi də dərk eləsinlər ki, artıq Sahibə xanım tək deyil. Onu biz bütün imkanlarımızla hüquqlarını müdafiə eləməyə hazırıq və eləyəcəyik də. Bu, birmənalıdır".
C.Nuriyev diqqətə çatdırıb ki, hazırda Ermənistanla İran münasibətləri həddən artıq çox yaxındır:
"Hətta onlar Nikol Paşinyanla görüşəndə Mehridə azad iqtisadi zona açmaq üçün tender etməyi və ticarət dövriyyəsinin artırılması məsələsini gündəmə gətirdilər. İran sahibkarlarının Ermənistana investisiya qoyması məsələsi də var. Hazırda Ermənistan özü çətin vəziyyətdə olmasına baxmayaraq, İrandan gəlib peyvənd məsələsini İrəvanda həyata keçirirlər. Yəni İran bu və ya digər formada Ermənistanı dəstəkləyir. Onlara maliyyə, ərzaq yardımı edir. Qeyd edim ki, İranda 40 milyon azərbaycanlının sosial durumu ağırdır, lakin onlara baxan yoxdur. Həmin yardımlar əslində Təbrizə, Ərdəbilə, Urmiyaya, Zəncəna getməlidir, ancaq hamısı İrəvana, Mehriyə və s. kimi yerlərə gedir. Yəni farsla erməni eyni kökdən olduğuna görə, təbii ki, bir-birini müdafiə edəcəklər. Amma bu həm də İran üçün siyasi şapalaqdır. Sahibə xanım Azərbaycanın bu günə qədər ən böyük dərdlərindən olan Xocalının qardaş müsəlman dövləti tərəfindən tanınmasını bilə-bilə, bilir ki, bundan sonra da tanınmayacaq, ancaq onu dilə gətirməsi və eyni zamanda bunu ictimailəşdirməsi Azərbaycan üçün çox lazımlıdır. Buna görə də Sahibə xanıma minnətdaram. Bundan sonra da onun müdafiəçisi olacam".