“Qazaxda rus hərbçilərinin sayı nə qədər çox olacaqsa, problem də bir o qədər böyük olacaq”
Rus hərbçilərinin Qazağın Əskipara kəndinə gəlmələri geniş müzakirə olunmaqdadır. Təxribatların davam etdiyi, təmasların səngimədiyi bir vaxtda bunu zəruri edən nədir? Maraqlıdır, “sular bulanır”, yoxsa “başmaq toxunur”?
Türkiyəli beynəlxalq münasibətlər üzrə ekspert Timuçin Kodamanın fikrincə, ehtiyatlı davranmaqda fayda var. O, bu barədə “Sherg.az”a danışdı:
“Rusiya son 500 ildir ki, ərazilərini genişləndirmək istəyir. Həmçinin Qara dənizdə, Xəzər dənizində, Aralıq və Baltik dənizlərində söz sahibi olmağa çalışır. Müharibədən sonra Qarabağa rus qoşunları yerləşdirildi. İndi isə Qazağa gəlirlər. Bu, “başımızı ağrıda”, ciddi problem yarada bilər. Qazaxda rus hərbçilərinin sayı nə qədər çox olacaqsa, problem də bir o qədər böyük olacaq”.
Ekspertin sözlərinə görə, hərbi əməliyyatların bərpası qaçılmazdır:
“Bu məsələni Moskva ilə danışaraq həll etmək çətindir. Düzdür, müharibədə Azərbaycan böyük qələbə qazandı. Lakin işimiz hələ tam bitməyib. Bütün xarici qüvvələr Azərbaycan ərazisindən, o cümlədən Qarabağdan çıxarıldıqdan sonra tam rahat ola bilərik. Bunun üçün isə Qarabağda üçüncü savaşın başlanacağını düşünürəm. Əks halda çətin olacaq”.