SƏRT TƏPKİ:“Sülhməramlılar nə işlə məşğuldurlar?!”

“Kreml rəhbəri, həqiqətən, imzasını tanımamaq fikrindədir? Bax, əsl sual budur”

“Provokasiyalar, inadkarlıq davam edərsə, Üçüncü Qarabağ müharibəsi başlayacaq”

“Biz sülh tərəfdarı olduğumuz üçün otuz il səbr etdik, dözdük”

“Lakin yenə itkilərə məruz qalmaq istəyirlərsə, biz hazırıq”


“Caliber” layihəsinin növbəti təhlilində Azərbaycan Qarabağ ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin birmənalı qarşılanmayan təlimlərindən bəhs olunub.

Bu barədə layihənin “YouTube” hesabında “Gəzişən minaatan” və ya sülhməramlılar Qarabağda kiminlə vuruşmağa hazırlaşır?” adlı video yerləşdirilib.
Layihə müəllifləri haqlı olaraq Xankəndidə yerləşən poliqonda təlim keçən sülhməramlıların təlim zamanı icra etdiyi tapşırığın məqsədini müəyyən etməyə çalışıblar. Sülhməramlılar təlimlər çərçivəsində yük maşınlarının kuzovunda yerləşdirilmiş minaatanlardan dağlıq ərazidə təbii maneələrin arxasında müşahidə olunmayan hədəflərə atəş açıblar. Onların məhv etdikləri 50 şərti hədəf zirehli maşın, canlı qüvvə və düşmən mövqelərinin imitasiyasından ibarət olub.
“Burada olduqca ağlabatan bir sual ortaya çıxır - rusiyalı sülhməramlılar bu cür taktikaların köməyi ilə Qarabağda kimə qarşı vuruşmağa hazırlaşır?”, - deyə layihə müəllifləri bildirib.

Keçmiş millət vəkili Flora Qasımova sülhməramlıların fəaliyyəti barədə “Sherg.az”a danışdı: 

“Ümumiyyətlə, onlar nə işlə məşğuldurlar?! Ərazidə azərbaycanlı yoxdursa, sülhməramlılar hansı tərəflər arasında sabitlik yaratmaq istəyir? Ermənistana bu qədər silah-sursat daşınır, bəs ruslar hara baxırlar?

Azərbaycan, Rusiya və Ermənistan dövlət başçıları arasında üçtərəfli müqavilə imzalanıb. Aydındır, İrəvan bu sənədə əməl etmək istəmir. Bəs Moskva? Kreml rəhbəri, həqiqətən, imzasını tanımamaq fikrindədir? Bax, əsl sual budur”.

F.Qasımova, həmçinin təxribatlardan da söz açdı: 

“Ermənistanı qızışdıranlar var. Halbuki düşmən ordusunun 60-65 faizi məhv edilib. Rəsmi İrəvanın arxasında hansı qüvvələrin dayandığını bilirik. Sülhməramlıların ilk vaxtlardan etibarən ermənilərə dəstəyi müəyyən narahatlıq yaratmışdı. Və bu narahatlıq tədricən artmaqdadır.

Ermənistana müraciət edərək onlara reallığı başa salmalıyıq. Ermənilər vətəndaşlığımızı qəbul etməli, bunu istəməyənlər isə torpaqlarımızdan çıxmalıdırlar. Əks halda, provokasiyalar, inadkarlıq davam edərsə, Üçüncü Qarabağ müharibəsi başlayacaq. Biz sülh tərəfdarı olduğumuz üçün otuz il səbr etdik, dözdük.

Prezident İlham Əliyev dəfələrlə deyib ki, biz anaların- nə azərbaycanlıların, nə də ermənilərin ağlar qalmasını istəmirik. Lakin yenə itkilərə məruz qalmaq istəyirlərsə, biz hazırıq”.