Məzəniz olsun, cənablar!


Toy dəvətnaməsinin üzərində COVID xatırlatması tələbi növbəti hoqqabazlıqdı

Əhməd Qəşəmoğlu: "Anlaya bilmirəm ki, niyə sosioloqun sözünə qulaq asan yoxdur, niyə mənim təkliflərim diqqətə alınmır?"

Şahbaz Xuduoğlu: "İndi toy “adətlərimizə” dəyişiklik etmək üçün əlimizdə əsaslı səbəb var, bu da “COVİD-19”dur"


Toy və şənlik mərasimlərinin keçirildiyi məkanlarla bağlı tələblər açıqlanıb. Səhiyyə nazirinin müavini, respublikanın baş dövlət sanitariya həkiminin qərarı ilə şənlik mərasimlərində koronavirus infeksiyasının idarə olunmasına dair metodiki göstərişlər hazırlanıb. Yeni tələblərə əsasən “dəvətnamələr üzərində COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanın vacibliyi barədə xatırlatman qeyd edilməli və ya qonaqlara müəyyən olunmuş tələblərə dair yaddaş vərəqələri göndərilməlidir”.

Daha bir tələb. Daha bir göstəriş. İcrası necə olacaq və ya necə olmalıdır? Dəvətnamələrə hansı formada vaksin xatırlatması edilməlidir, bu barədə konkret ifadə, çağırış örnəyi ortada yoxdur? Məsələn, dəvətnamədə “Vaksin olunmusunuzmu? O zaman buyurun, toy şənliyinə!” yazılacaqmı? Yaddaş vərəqələri necə tərtib ediləcək? Toy sahibi bu vərəqələr üçün ödəniş etməli, onları da dəvətnamənin üstündə dəvətlilərə göndərməlidir? Yəni daha bir xərc mənbəyi. Açıq qalan məsələlər göründüyü kimi  çoxdur. Mütəxəssislər nə düşünür?

Sosioloq Əhməd Qəşəmoğlu “Şərq”ə açıqlamasında bunu növbəti hoqqabazlıq adlandırdı:

- Bəlkə də əsəbi danışıram və kobud ifadə işlədirəm. Lakin toy dəvətnaməsinin üzərində vaksin xatırlatması tələbi hoqqabazlıqdan başqa bir şey deyil. Baxın, təvazökarlıqdan uzaq olsa da, demək məcburiyyətindəyəm; mən beynəlxalq səviyyədə tanınan sosioloqam. Sosial araşdırmalar müəllifiyəm. Koronavirus pandemiyası başlanandan bugünədək dəfələrlə mediada çıxış edərək konkret təkliflər səsləndirmişəm, pandemiyanın qarşısının alınması, yoluxma sayının azalmasına təsir edəcək yollar, vasitələr göstərmişəm. Anlaya bilmirəm ki, niyə sosioloqun sözünə qulaq asan yoxdur, niyə mənim təkliflərim diqqətə alınmır? Biri çıxıb desin ki, Əhməd müəllim, təklifləriniz filan səbəblərə görə keçərli hesab edilmir. Bunu demirlər. Ümumiyyətlə, susurlar. Gələk, “yeni model” toy dəvətnamalərinin üzərinə. Toy şənliklərinə icazə verildi. Yenə də köhnə modelli  toylara. Mən təklif etmişəm ki, pandemiya dövründə, bir halda ki, hazırda yay fəslidir, toylar açıq havada keçirilməlidir. Əksər şadlıq saraylarının geniş həyətləri, açıq havada əyləncə üçün hər cür imkanları var. Canlı musiqi səslənir, rəqs etmək üçün meydança var. Bəs niyə toylara yenə də qapalı salonlarda keçirilmək icazəsi verildi? Çünki bu qərarda şadlıq sarayı sahibinin və polisin maraqları güdülür. Toy sahibi şadlıq sarayı müdiriyyəti ilə sövdələşir, müdiriyyət deyir ki, qorxmayın, polislə danışmışıq, heç bir problem olmayacaq, arxayın qonaqlarını dəvət et. Bu nə deməkdir? Koronavirus “eşidir ki” polislə razılığa gəlinib, həmin şadlıq sarayına yaxın düşmür?!  O məclisdəki insanlara yoluxmur? Koronavirus kimi ciddi bir xəstəliyə ciddi münasibət olmalıdır. Təəssüf ki, biz bunu görmürük. Yoluxmaya qarşı mübarizə apardıqlarını nümayiş etdirmək üçün də bu cür  ağlasığmaz, heç bir effekt, əməli nəticə verməyəcək vasitələrə əl atırlar. Dəvətnamələrdə vaksinasiya xatırlatması növbəti, boş bir təklifdir və daha bir gəlir mənbəyinin ortaya çıxmasına hesablanıb. Bununla toy mərasimlərində yoluxmanın qarşısını almaq mümkün olmayacaq. 

“Qanun” Nəşrlər Evinin direktoru, naşir Şahbaz Xuduoğlu isə hesab edir ki, hər bir tələb və ya tövsiyədə məqsəd aydın olmalıdır: 

- Mən deyə bilmərəm dəvətnamələrdə xatırlatma hansı formada, hansı sözlərlə ifadə olunmalıdır. Lakin bu, maarifləndirmə məqsədi daşıyırsa, məzmun konkret bilinməlidir. Hər vasitə ilə insanlara çatdırmaq lazımdır ki, qorunmalıdırlar. Konkret bir qayda tətbiq olunmalıdır. Vahid sistemlə tənzimlənməlidir. Bu işi hərənin öz öhdəsinə buraxmaq olmaz. Şadlıq saraylarında elanlar vurulmalıdır. Xəbərdarlıq lövhələri qoyulmalıdır. Bu, əlbir iş tələb edən məsələdir. Təbliğat vasitələri gücləndirilməlidir. Artıq bütün dünya bu qaydaları tətbiq edir; ictimai yerlər yalnız  vaksin vurdurmuş insanlara açıq olacaq. Təəssüf ki, bizim bəzi vətəndaşlarımız yenə də saxta yollara baş vururlar. Vaksin vurdurmadıqları halda saxta sənəd əldə etməyə çalışırlar. Toylardansa, onsuz da əksəriyyət narazı idi. Basabas, sıxlıq, masanın üzərində əl qoymağa yer yox. “N”sayda yemək çeşidləri. Məlumdur ki, sonda bu yeməklərin böyük qismi geri qayıdırdı. Toy sahibinə isə 1 şüşə su götürməyə də icazə verilmirdi. İctimai narazılıq vardı. İndi toy “adətlərimizə” dəyişiklik etmək üçün əlimizdə əsaslı səbəb var, bu da “COVİD-19”dur. Amma nə baş verir? Yenə həminki sıxlıq, yenə həmin basabas. (Həmin dalğa, həmin koordinat – “Uzaq sahillərdə” filmində deyildiyi kimi – red.)

Qonaq baxımından da, yemək baxımından da. 150 nəfərlik təy məclislərinə icazə verilir. 150 nəfərin bir araya gəldiyi məclisdə hansı sosial məsafədən, hansı qorunmadan danışmaq olar?! Pandemiya şəraitində, yoluxmaların artdığı vaxtda yenə də köhnə adətlərdən əl çəkmiriksə, çətin ki, bundan sonra nəsə düzəlsin.