Azərbaycanın təzyiq vasitələri çoxdur:"Laçın dəhlizini bağlaya bilərik”

Ermənistanda hakim "Vətəndaş Müqaviləsi" partiyasından olan deputat Narek Kaqramanyan dünən  jurnalistlərə müsahibə verib.  Onun sözlərinə görə, əgər sərhədlər sovet xəritələrinə əsasən keçərsə, onda Gorus-Qafan yolunun bəzi hissələri Azərbaycana keçəcək: “Sərhədin delimitasiyası və demarkasiyasının başlanması bir çox problemləri həll edəcək, Ermənistanla Azərbaycan arasındakı sərhədlərə aydınlıq gətirəcək”.
N.Kaqramanyan qeyd edib ki, Ermənistan üçün problemin son həlli alternativ yolun çəkilməsidir. "Mübahisəli olan yerlərdə dolama yollar çəkmək lazımdır. Bu istiqamətdə işlər artıq başlayıb, tikinti gedir. Eyni zamanda, heç bir halda bu yoldan əl çəkmək olmaz. Sovet xəritələrinə görə, Gorus-Qafan yol hissəsindəki üç nöqtənin mübahisəli olduğu anlaşılır. Hələ də bəzi mübahisəli ərazilər olması mümkün deyil", - deyə millət vəkili əlavə edib.

N.Kaqramanyanın izahına görə, danışıqlar Qaragöl yaxınlığında və digər yerlərdə vəziyyətlə əlaqədar aparılır, lakin problem danışıqların hansı istiqamətə gedəcəyində deyil, alternativ yolun tikintisində və Azərbaycana onu bağlamaq imkanı verməməkdədir.

Millət vəkili Elman Məmmədov “Sherg.az”a açıqlamasında erməni parlamentarinin fikirlərinə münasibət bildirdi:

“Fikirlər səhvdir. Məsələ ondan ibarətdir ki, Gorus- Qafan yolunun bir hissəsi Azərbaycandan keçir. Biz bundan istifadə üçün ermənilərə icazə vermişdik. Amma onlar tərbiyəsizlik etdilər, cinayət törətdilər. Beləliklə, yolu bağladıq. Və indi alternativ yol axtarmalı olublar”.

E.Məmmədov, həmçinin deyib ki, bundan sonra da düşmənə adekvat cavab veriləcək: 
“Bu, hələ son deyil. Azərbaycanın təzyiq vasitələri çoxdur. Onlardan biri də Laçın dəhlizinin bağlanmasıdır. Ümumiyyətlə, hazırkı vəziyyət sonu görünməyən dəhlizi xatırladır. Çünki ermənilər islah olunmaz toplumdur. Onların düşmənçilikdən əl çəkmək fikirləri yoxdur. Prezident İlham Əliyev Laçın və Kəlbəcərdə olarkən torpaqlarımızda daimi qalmaq üçün sərhədlərimizi möhkəmləndirməyin, ordumuzu gücləndirməyin vacibliyindən söz açdı. Çünki təxribatlar dayanmayacaq. Deməli, ordumuzun hazırlıq səviyyəsi hər gün daha da artırılmalıdır”.