Tural Abbaslı: "Putinlə Ərdoğan arasında görüşdə ən önəmli nüans Qarabağ və sərhədlərdəki gərginlikdir"
“Sentyabrın 29-da cənab Vladimir Putinlə Soçidə keçirəcəyim ikitərəfli görüş həqiqətən də böyük önəm daşıyır”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfəri çərçivəsində türkiyəli jurnalistlərə müsahibəsində deyib. O qeyd edib ki, səfər zamanı iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüş olmayacaq:
“Sadəcə, cənab Putinlə ikitərəfli görüşümüz olacaq. Təbii ki, bu, sadəcə İdlib məsələsinə həsr olunan danışıqlar olmayacaq. Eyni zamanda, Türkiyə-Rusiya əlaqələrini və Suriyada vəziyyətin necə olduğunu, bundan sonrakı mərhələdə atılacaq addımları geniş şəkildə müzakirə edəcəyik. Hər hansı üçüncü şəxsin iştirakı olmadan müzakirələr aparacağıq”.
Ərdoğan vurğulayıb ki, Türkiyə-Rusiya əlaqələrində önəmli bir qərar qəbul ediləcək:
“Türkiyə və Rusiya bölgədə iki önəmli ölkədir. Biz bu günə qədər Rusiya ilə münasibətlərdə hər hansı bir səhv görməmişik. İki ölkə arasında ticarətin həcminə baxsaq, bu, çox müsbətdir və daim inkişaf edir. Suriya məsələsi ilə bağlı bəzi zamanlarda çətinliklərlə üzləşirik. Amma istər özüm, istərsə də müdafiə və xarici işlər nazirlərimiz atdığı addımlarla dərhal gərginliyi aradan qaldıra bilirik”.
Ərdoğanın görüşlə bağlı anonslarını “Şərq”ə təhlil edən AĞ Partiya sədri Tural Abbaslı deyib ki, hazırkı dönəmdə Türkiyə lideri ilə Rusiya rəhbərinin görüşləri region və dünya üçün çox önəmlidir. Partiya rəhbərinin sözlərinə görə, Rusiya faktiki olaraq dünya güclərindən biridir:
“Regionda mühüm söz sahibi sayılan iki dövlət başçısının mütəmadi təmas qurması, müxtəlif mövzularla bağlı müzakirələr aparması çox faydalıdır. Şübhəsiz, liderlər əsasən siyasi-iqtisadi və hərbi məsələlər ətrafında danışacaqlar. Xüsusən, Cənubi Qafqaz, Suriya və Liviya məsələləri, Orta Asiyadakı proseslər müzakirə predmeti olacaq. Bizim üçün ən önəmli nüans Qarabağdakı proseslər, Azərbaycan-Ermənistan sərhədindəki gərginlikdir. Türkiyə liderinin iştirak etdiyi görüşlərin rəsmi Bakıya ancaq faydası olar. Ərdoğan istənilən məkanda, bütün platformalarda Azərbaycanın haqlı mövqeyini müdafiə edir və daim ölkəmizə dəstək olacağını vurğulayır. Məhz qardaş ölkə başçısının dəstəyi sayəsində Azərbaycan müəyyən hədəflərinə çata bilir”.
T.Abbaslıya görə, Türkiyə-Rusiya yaxınlaşması hər baxımdan Azərbaycan üçün əhəmiyyətlidir:
“Bu yaxınlaşmanın ilk və ən böyük nəticəsi 44 günlük müharibə və torpaqlarımızın işğaldan azad edilməsidir. Moskvanın bir müddət səssiz qalmasının səbəblərini hər kəs yaxşı bilir. İndi regionda yeni şərait formalaşmaqdadır. Azərbaycanla Rusiya arasında xeyli ziddiyyətli məqamlar ortaya çıxıb. Bəzi məsələləri aydınlaşdırmağa ehtiyac var və bunları Kreml rəhbərinin diqqətinə birbaşa Ərdoğanın çatdırması çox önəmlidir. Ümumən, görüşün nəticələrinin Rusiya və Türkiyə ilə yanaşı Azərbaycan üçün də müsbət olacağına inanıram”.
İsmayıl Qocayev