Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində BMT TŞ-nin qeyri-daimi üzvü olan Qoşulmama Hərəkatına üzv dövlətlərin BMT yanında daimi nümayəndələri ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən “Report”a verilən məlumata görə, görüşdə Təhlükəsizlik Şurasının gündəliyində olan və Qoşulmama Hərəkatı üçün xüsusi önəm kəsb edən müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər terrorçuluq və yaranmaqda olan çağırış və təhdidlərə qarşı mübarizə, o cümlədən ədalət və beynəlxalq hüququn norma və prinsiplərinə riayət edilməsi və bu istiqamətdə QH üzv ölkələri arasında birlik və həmrəyliyin nümayiş etdirilməsinin vacibliyini vurğulayıblar.
Görüşdə həmçinin Azərbaycanın Hərəkata uğurlu sədrliyi və ölkə Prezidentinin təşəbbüsü ilə COVID-19 pandemiyasına qarşı mübarizədə irəli sürülmüş qlobal əhəmiyyətli təşəbbüslərin təqdirəlayiq olduğu ifadə olunub.