Rusiya tələb etməlidir! –“Ermənistan öhdəlikləri yerinə yetirsin”

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Gürcüstanın Azərbaycan və Ermənistan arasında vasitəçilik etməyə hazır olduğunu söyləyib: "Biz azərbaycanlı və erməni qardaşlarımıza vasitəçilik təklif edirik".Onun sözlərinə görə, iyun ayında Gürcüstan iki qonşu ölkə arasında uğurlu vasitəçilik edib və bu, presedentiolmayan hadisə oldu.Baş nazir bildirib ki, Cənubi Qafqazda sülh təşəbbüsü bu prosesin davamıdır: "Biz qardaş dövlətlər arasında mediasiya, Tbilisini danışıqlar meydanı kimi təklif edirik".

Gürcüstanın vasitəçilik təşəbbüsünü şərh edən Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Sherg.az”a söyləyib ki, söhbət region ölkələrin fəallığından gedir:

“Regionda yaşayan xalqların müharibədən sonra sülh seçimi etməsinin mütləq şəkildə hamıya xeyir verəcəyi bəllidir. Amma vasitəçiliyin coğrafi baxımdan hansı ölkə tərəfindən olması vacib məsələdir. Lakin görüşlərin gündəminin nədən ibarət olması, müzakirə olunacaq suallar da önəmlidir. 

Bəllidir ki, Ermənistan 10 noybar sazişi əsasında götürdüyü öhdəliklərdən boyun qaçırmaq niyyətindədir. Hər bir vəchlə çalışırlar ki, üzərilərinə düşən vədlərin yenidən müzakirəsini formalaşdırsınlar. 

Bu baxımdan Gürcüstanın vasitəçiliyi müsbət hesab oluna bilər. Ancaq indiki mərhələdə Ermənistan hazırkı vasitəçi tərəfindən lazımi təzyiqə məruz qalmır. Vasitəçi Rusiya, təminatçı isə Rusiya prezidenti Putindir. 

Rusiya tələb etməlidir ki, Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsin. Gürcüstanın da bu təşəbbüsü müsbətdir. Gündəmdə olan məsələlər öncədən açıqlansa, hesab edirəm ki, bu vasitəçilik faydalı olacaq”.

Yeganə Bayramova