“Azərbaycandan Məşhədə oxumaq üçün gələn tələbələdən təsir agentləri kimi istifadə edilir”
“Bu tələbələr dünyaya dağılır və şiə təbliğatı adı altında İran dövləti üçün çalışırlar”
“Azərbaycan həm özünün, həm də Türkiyədəki İran təsir agentlərinin ictimai fəaliyyətinə qarşı çox diqqətli olmalıdır”
Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) polislə birlikdə ölkənin şərqindəki Van əyalətində keçirdiyi əməliyyat nəticəsində İranın casus şəbəkəsi ifşa edilib. Bu barədə “Anadolu” agentliyi məlumat verib.
Qeyd edilir ki, əməliyyat zamanı səkkiz nəfər, o cümlədən İranın xüsusi xidmət orqanlarının iki casusu saxlanılıb. Bildirilir ki, qrup üzvləri keçmiş İran hərbçisini qaçaqmalçılıq yolu ilə vətənə aparmaq istəyərkən ələ keçirilib.
Baş verənləri “Sherg.az”a dəyərləndirən Türkiyənin Beynəlxalq “VİZYON” Universitetinin prorektoru, Qafqaz Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, professor Hasan Oktay vurğulayıb ki, İran günü-gündən sıxışdığı üçün Türkiyə və Azərbaycanda əməliyyatlar aparır.
Professorun sözlərinə görə, rəsmi Tehran Xomeyni inqilabından sonra öz rejimini qorumaq və xaricə ixrac etmək üçün daxili-xarici kəşfiyyat qrupu hazırlamağı genişləndirib:
“Xaricdə yüzlərlə əməliyyat keçirərək, rejim üçün təhlükə və təhlükə olaraq gördükləri fərdlərə, qurumlara və təşkilatlara qarşı əməliyyatlar, təxribatlar həyata keçirilir. Bunun üçün müəyyən əzm lazımdır. Rəsmi Tehran təsir sahələri yaratmaqla, cəlb etdiyi şəxslərdən təbliğat və əməliyyat işçiləri hazırlayır. İran bu və buna bənzər daxili-xarici əməliyyatları həyata keçirərkən, eyni fəaliyyət İrana qarşı da baş tutur. Xüsusilə, son 3 ildə Tehranda iranlı nüvə fiziklərinə və atom enerjisi mütəxəssislərinə qarşı edilən sui-qəsdlər və təxribatlar İranı çox narahat edir. Onlar bu mövzuda İsrail və Azərbaycanı günahlandırırlar”.
H.Oktay qeyd edib ki, Türkiyədə İran quruluşu quruldu və Xomeyni inqilabından sonra İran bu quruluşdan özü üçün çalışan bir çox nüfuzlu insan yetişdirdi:
“Türkiyədə olduğu kimi Azərbaycanda da eyni fəaliyyəti həyata keçirirlər. Məsələn, Azərbaycandakı “Zeynəbiyə” qadın təşkilatı “Hüseyniyyə” adlı bir kişi təşkilatı qurub onlar vasitəsi ilə fəaliyyət göstərirlər.
Azərbaycandan Məşhədə oxumaq üçün gələn tələbələdən təsir agentləri kimi istifadə edilir. İran dünyadakı şiə məzhəbini yayaraq xüms vergisini toplayır və bu gəlirləri ilə "Tələbə Təlimi" adı altında təhsil verdikləri tələbələrdən agent olaraq istifadə edir.
Bu tələbələr dünyaya dağılır və şiə təbliğatı adı altında İran dövləti üçün çalışırlar. Həmin hərəkatın məqsədi çox vaxt anlaşılmadığından, günahsız bir hərəkat olaraq görülür.
İran Azərbaycanı və Türkiyəni sionist dövlət olmaqda günahlandıraraq hər iki ölkədəki agentlərini səfərbər edib. Van şəhərində İran agentlərinə qarşı edilən bu əməliyyat İranın “yatmış” hüceyrələrinin nə qədər təhlükəli olduğunu göstərir.
Azərbaycan həm özünün, həm də Türkiyədəki İran təsir agentlərinin ictimai fəaliyyətinə qarşı çox diqqətli olmalıdır”.