“...Sülh müqaviləsinin necə olacağı maraq doğurur”
“Bizim üçün yeganə qəbul edilən sülh müqaviləsi budur ki, Ermənistan rəsmən Qarabağı Azərbaycan ərazisi kimi tanımalıdır”
“Konfliktin “dondurulub”, yeni məsələlərin gündəmə gətirilməsi dövlətimiz üçün qəbuledilməz bir məsələdir”
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov MDB üzv ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib. Nazir bildirib ki, bütün çətinliklərə baxmayaraq Azərbaycan beynəlxalq hüququn prinsiplərinə, xüsusilə dövlətlərin suverenliyi, ərzi bütövlüyü və sərhədlərin toxunulmazlığına hörmət əsasında Ermənistan ilə münasibətlərin normallaşmasına hazırdır.
O, Azərbaycanın qeyd olunan prinsiplərə riayət etməklə Ermənistan ilə sərhədlərin delimitasiya və demarkasiya prosesinin başlanılmasına çağırdığını qeyd edib.
Nazir Azərbaycanın üçtərəfli bəyanatlardan irəli gələn öhdəliklərin, o cümlədən regionda bütün kommunikasiya əlaqələrinin açılması üzrə razılaşmaların yerinə yetirilməsinə sadiq olduğunu vurğulayıb.
C.Bayramov kommunikasiya əlaqələrinin açılmasının regiondakı bütün dövlətlərə fayda gətirəcəyi və beynəlxalq nəqliyyat layihələrində Cənubi Qafqazın rolunu gücləndirəcəyindən əminlik ifadə edib.
Nazirin dedikləri barədə “Sherg.az”a danışan AĞ Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədlinin fikrincə, din xadimlərinin açıqlaması, Paşinyanın son zamanlar dediyi sözlər, Ərdoğan-Putin görüşünün əsas mövzusunun Qarabağ olması-bütün bunlar onu göstərir ki, ola bilsin, Azərbaycanla-Ermənistan sülh sazişinə doğru irəliləyir:
“C.Bayramovun açıqlaması da bu yöndədir. Lakin sülh müqaviləsinin necə olacağı maraq doğurur. Bizim üçün yeganə qəbul edilən sülh müqaviləsi budur ki, Ermənistan rəsmən Qarabağı Azərbaycan ərazisi kimi tanımalıdır. Konfliktin “dondurulub”, yeni məsələlərin gündəmə gətirilməsi dövlətimiz üçün qəbuledilməz bir məsələdir. Sülhün imzalanması 30 illik münaqişəyə nöqtə qoyacaq. Məncə, bu hadisə dünya diplomatiyasında müsbət sonluq olacaq”.