Biz qalibik: Zəfər Günü Bakıya çox yaraşdı

Bakıda Zəfər Günü ilə əlaqədar yürüş keçirildi. Saat 10-00-da hərbi orkestrin müşayiəti ilə başlanan yürüş "Azneft" dairəsindən “Ağ şəhər” bulvarınadək davam etdi. Bu yürüşdə iştirak edən hər kəsdə simasında sevinc, qürur duyğular bir -birinə qarışmışdı.  Əllərində bayraq tutan  uşaqlar valideynlərinin yanında özlərini əsl sıravi əsgər kimi aparırdı. Addımlar nizamlı, forma təmiz, səliqəli, baxışlar məğrur. 
Yürüşdə kursantların daşıdığı 470 metr uzunluğundakı bayrağı böyük bir xalq müşayiət edirdi. Bu zaman  "Qarabağ bizimdir!" , " Cəbrayıl bizimdir!", "Füzuli bizimdir!",  "Eşq olsun, Azərbaycan əsgərinə!" kimi nidalar  məğrur xalqın vətəndaşlarının dodaqlarından küçələrə süzülürdü. 


     Ağ şəhər bulvarına çatmağa xeyli qalmış  mənimlə yanaşı  dayanan  bir gəncin bayrağı daşıyan kursanta dediyi bir cümlə , onu eşidən hər kəsdə xoş təəssürat oyatdı: "Əgər, yoruldunsa mən sənin yerinə daşıya bilərəm, ciddi sözümdür". Kursant gəncə baxıb təşəkkür edib, gülümsədi. Cərgədə öz nizamlı addımlarını atmağa davam etdi. Demək, bu xalqın nümayəndələri bir-birinə sahib çıxmağı bacarır. Biri digərini düşünə bilir. Əgər bunu bacarmasaydı, biz indi belə bir yürüşün şahidi olmayacaqdıq. Bizim əsgərimiz, zabitimiz, generalımız bizi  necə düşünübsə, biz də  atdığımız hər addımda onları düşünməliyik. Əminəm ki, gəncin kömək təklifi  kursantın da qəlbinə yağ kimi yayıldı, üzünə böyük işıq salıb.
    Adi günlərdə məişət qayğılarına köklənən adamlar indi bir arada , bu bayram sevincini yaşayarkən necə də  qayğısız , xoşbəxt görünürdülər. Elə bil hava da bizim insanların kefinə uyğunlaşıb. Payız olsa da, hava çox günəşli, parlaqdı. Yadımdadır, keçən ilin bu günü də eynilə belə idi. 
    Yürüş əsnasında diqqətimi çəkən digər məqam qazilərə göstərilən münasibət idi. İkinci Qarabağ savaşında bir qolu və ayağını itirən qaziyə yanındakı adamlar elə dayaq olub  addımlayırdılar ki, sanki bütün vücudları ilə "ey vətən qazisi, bundan sonra sənin ayağın da, sənin qolun da bizik!"  - demək istəyirdilər. Bir qədər pafoslu səslənə bilər , amma bu belə də olmalıdır! 
     Ətrafda çoxlu fotoqraf var. Bir fotoqraf üçün bundan gözəl kadr yağışı ola bilməzdi. Eyni anda yüzlərlə möhtəşəm rakurs tapmaq  olardı. Mən əmin idim ki, yürüşün sonunda yenə  gözəl, tarixə həkk olunmalı fotolar ərsəyə gələcək. 
      Nəhayət , Ağ şəhər bulvarına gəlib çatdıq. Günəşin parlaq şüaları kursantların əllərində daşıdığı üçrəngli bayraqda bərq vururdu. Getdikcə çoxalan insan izdihamı ortama özü ilə birlikdə coşqu, şən əhval-ruhiyyə gətirirdi. Kursantların ardınca  Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin ( DSX) hərbi qulluqçuları at belində bulvar ərazisinə çatdı. Bu mənzərə eynilə tarixi filmləri xatırladırdı. Şübhəsiz burada da bir tarix yaşanırdı. Yürüş “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə təşkil olunan flaşmobla başa çatdı. Fləşmob Zəfər günü yazısını və dəmir yumruq simvolunu özündə əks etdirirdi.
     Bitən sadəcə yürüş oldu. Əminəm ki, burdan  ayrılan insanlarda yaranan təəssürat uzun müddət onları tərk etməyəcək. Necə ki  üzərindən bir il keçib, biz bu savaşı dünən kimi xatırlayırıq, hər il 8 Noyabr tarixinin vacibliyini  də o cür xatırlayacağıq. 
  Deyirlər qaliblərin yaraları tez sağalır. 8 Noyabr bizim  yaralarımıza məlhəmdir. 2904  şəhidin, Polad Həşimov , Cəbrayıl Dövlətzadə, İlqar Mirzəyev və digərləri kimi qəhraman oğulların canı, qanı hesabına ərsəyə gələn bir tarixdir 8 Noyabr! 
Biz qalibik! Yaralarımız zamanla qaysaq bağlayacaq.  Biz vətənin bütövlüyü uğrunda canını fəda etmiş qəhrəmanlarımızı , onlardan geriyə qalan əmanət ailələrini, bizə ehtiyacı olan qazilərimizi unutmadıqca  ,  yaralarımızın daha tez  sağalacağına əminəm. Zəfər bayramımız qutlu olsun!