"Amnistiya Aktının icrasına biz də nəzarət edəcəyik"

Səidə Qocamanlı: "Əgər bizə hər hansı pozuntu ilə bağlı məlumat, siqnal daxil olarsa, təbii ki, yoxlayacağıq, aidiyyətli quruma da xəbər verəcəyik"

Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova qeyd edib ki, amnistiya ilə bağlı daxil olan müraciətlər incələnəcək, qanun pozuntusu aşkar edilərsə, aidiyyəti üzrə tədbir görüləcək. A.Sabitova bildirib ki, Amnistiya Aktının icrası ilə bağlı ciddi nəzarət tətbiq edilir: “Əməkdaşlarımız tərəfindən prosesdə heç bir boşluğa yol verilə bilməz. Belə bir durum aşkarlanarsa, həmin əməkdaşlar barəsində tədbir görüləcək”. Bəs hüquq müdafiəçiləri nəzarət prosesində iştirak edə bilirmi? 

İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi Bürosunun rəhbəri Səidə Qocamanlı “Şərq”ə açıqlamasında insan hüquqları üzrə qeyri-hökumət təşkilatlarının Amnistiya Aktının icrasına nəzarət edə bildiyini söylədi: 

- İlk növbədə mən cənab Prezident tərəfindən imzalanan Amnistiya Aktının humanistliyinə diqqət çəkmək istəyirəm. Amnistiya Aktının Böyük Zəfər bayramımızla bağlı imzalanması çox önəmli addım oldu. İkincisi, Amnistiya Aktının özü humanistliyi ilə xüsusi fərqlənir. Bu Amnistiya Aktı elə şəxslərə şamil olunur ki, əlillər, qazilər, onların ailə üzvləri, ailəsində xəstə uşağı olan, başqa problemli ailələrin hazırda həbsdə olan üzvlərinə, yaşlı insanlara... bir sözlə, bu Amnistiya Aktı özündə böyük bir humanistlik daşıyır. 

Digər tərəfdən həbsxanalar da yüngülləşdirilir. Bu da çox lazımlı bir işdir. Qaldı nəzarət məsələsinə, bizim, əlbəttə, prosesə nəzarət etmək imkanımız var.

 Cəzaçəkmə müəssisələrində proses artıq başlayıb. Ərizələr hazırlanır, məhbusların kateqoriyalar üzrə sərbəst buraxılması işinə başlanılıb. Arzu olunandır ki, ilk növbədə  yaşlılar, ahıllar, xəstə məhbuslar, ailəsində problem olanlar azadlığa tez çıxsın. Bu prosesə nəzarət çox vacibdir.  Əgər bizə hər hansı pozuntu ilə bağlı məlumat, siqnal daxil olarsa, təbii ki, yoxlayacağıq, aidiyyətli quruma da xəbər verəcəyik. Amma inanmıram ki, kimsə Prezidentin sərəncamını pozmağa cürət etsin. Çünki Prezidentin sərəncamında Amnistiya Aktının kimlərə şamil olunduğu açıq-aydın qeyd edilib. 

Azad edilənlər də məhz Prezidentin sərəncamına uyğun azad ediləcəklər. Proses tədricən həyata keçiriləcək. Biz də nəzarət edəcəyik.