Əziz Səncər: "Azərbaycanlı elm adamları ilə əməkdaşlıq etmək imkanım yoxdur"


"Azərbaycanlı elm adamları ilə əməkdaşlıq etmək imkanım yoxdur".

"Report" xəbər verir ki, bunu Nobel mükafatı laureatı, dünya şöhrətli alim, professor Əziz Səncər bu gün keçirdiyi mətbuat konfransında deyib.

O, yalnız öz laboratoriyasını idarə etdiyini açıqlayıb: "Elmdə bir sahəyə köklənmək daha yaxşıdır. Digər laboratoriyalarla birgə əməkdaşlıq etmədən öz işimə fokuslanmaq istiyirəm. Azərbaycandan tələbələr gəlsə, əlbəttə, məmnun olardım. Çünki bir tələbəm vardı, çalışqan və çox tərbiyəli idi. İki il ərzində iki məqaləsi çap olundu. Bu, çox az təsadüf edilən haldır. Çünki bir məqalə adətən 5-10 ilimizi alır".

Dünya şöhrətli alim bildirib ki, Azərbaycanda elm sahəsi ilə məşğul olanlara etimad edirəm: "Hazırda yaşla bağlı başqa işlə məşğul olmaq imkanım yoxdur. Nobel mükafatı aldıqdan sonra Türkiyədən də bir çox iş təklifləri aldım. Lakin dünya miqyaslı laboratoriya qurmaq 5-10 il vaxt aparır. Nobel mükafatını alanda 70 yaşım vardı.Türkiyədə laboratoriya qursaydım, 10 il vaxtımı alacaqdı. Nəticədə 80 yaşıma çatacaqdım. Bu yaşdakı alimdən də yüksək nəticə gözləmək düzgün deyil. Bu səbəbdən əlavə iş götürməyim mümkün deyil".