Paşinyan ilk dəfə doğru yola çıxıb

Regional əməkdaşlığın real müstəviyə keçməsi revanşist qüvvələri təşvişə salıb

"Azərbaycan və Türkiyə ilə normal əlaqələrin bərpası erməni müxalifəti üçün böyük zərbədir və onların hakimiyyət iddiasının puç olması deməkdir"

Ermənistan parlamentinin “Hayastan” və “Şərəfim var” müxalifət fraksiyaları hakimiyyətin Baş nazir Nikol Paşinyanla qapalı görüş keçirməsinə dair təklifinə rədd cavabı verib. Görüşdə Qarabağdakı vəziyyət müzakirə olunmalı idi. İki müxalifət fraksiyası Paşinyanla görüşün qapalı formatda keçirilməsini məqsədəuyğun hesab etməyib. Onların fikrincə, Ermənistan hakimiyyətinin şübhəli danışıqlar aparması dəfələrlə təsdiqlənib. 

Müxalif qüvvələr hesab edirlər ki, danışıqlar prosesi nə hərbi, nə də dövlət sirridir. Ona görə də xalqla bağlı məsələlərin müzakirə olunacağı görüş istənilən halda qapalı formatda keçirilməməlidir. Müxalifət fraksiyaları bəyan ediblər ki, Paşinyanla yalnız açıq formatda, həm də bərabər şərtlər altında görüşə bilərlər. Ancaq hakimiyyət buna razılıq verməz.

Nikol Paşinyana qarşı daxili təzyiqləri “Şərq”ə təhlil edən politoloq Samir Hümbətov deyib ki, erməni müxalifətinin əlinə əməlli-başlı “kozur” keçib. Siyasi şərhçiyə görə, Baş nazir Nikol Paşinyan Türkiyə və Azərbaycanla münasibətlərin yaxşılaşdırılması istiqamətində komanda şəklində fəaliyyət göstərir: 

“Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İrəvanın Bakı və Ankaradan gələn nümayəndələri qəbul etməyə hazır olduğunu bildirib. Tərəflər arasında ciddi proseslərə start verildiyi açıq-aşkardır. Lakin görünən odur ki, regional əməkdaşlığın real müstəviyə keçməsi ənənəvi erməni müxalifətində təşviş yaradıb. Ermənistandakı müxalifətin əsas qüvvəsi “Qarabağ klanı”ndan ibarətdir. Bu klan isə birbaşa Rusiyanın tabeçiliyindədir. Azərbaycan və Türkiyə ilə normal əlaqələrin bərpası revanşist erməni müxalifəti üçün böyük zərbədir və onların hakimiyyət iddiasının puç olması deməkdir. İqtisadi maraqlarına baxmayaraq, Rusiya da siyasi baxımdan Türkiyə və Azərbaycanın Ermənistanla əməkdaşlığını, İrəvanı nəzarət altına almalarını qətiyyən arzulamır. Amma geriyə yol yoxdur. Ermənistan Türkiyə və Azərbaycanla danışıqlar masasına oturarsa, Ankara və Bakının şərtlərini qəbul edərsə, nəqliyyat kommunikasiyaları açılarsa, tədricən soyuqluq aradan qalxar və münasibətlər normallaşar”. 

S.Hümbətov qeyd edib ki, Ermənistanda yaxın aylarda referendum keçiriləcək. Ekspertin sözlərinə görə, “Qarabağ klanı” qorxur ki, hökumət referendum vasitəsilə Türkiyəyə qarşı əsassız ərazi və saxta “soyqırım” iddialarından əl çəkər:

 “Məlumdur ki, Türkiyəyə ərazi iddiaları Ermənistanın konstitusiyasında əks olunub. Referendumla buna son qoyula və ən əsası Qarabağ məsələsi birdəfəlik bağlana bilər. Erməni müxalifəti bunu “milli təhlükəsizliyə” zərbə hesab edir. O səbəbdən Paşinyanın birgə müzakirə təkliflərinə israrla qarşı çıxırlar və hökuməti “satqınlıqda”, “xəyanətdə” ittiham edirlər. Paşinyan isə ilk növbədə ölkə iqtisadiyyatını blokadadan çıxartmağa çalışır. Bunun yolu isə qonşu dövlətlərlə əlaqələri nisbətən də olsa normallaşdırmaqdan keçir. İrəvan hökumətinin bu yöndə davamlı addımlar atacağı şübhəsizdir. İnanmıram ki, Paşinyan müxalifətin təhdidləri ilə geri addım atsın. Artıq Türkiyə və Ermənistan tərəfləri müzakirələr üçün qarşılıqlı xüsusi nümayəndələr təşkil ediblər. Yaxın günlərdə danışıqların yeni predmetinin ortaya çıxması daha realdır”.