Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin görüşü:  Rəsmi İrəvan sülhə cəlb edilir? – “Kartlar” açılır!

“Türkiyə İkinci Qarabağ müharibəsindən sonrakı mərhələdə Ermənistana yeni münasibət sərgiləmək istəyir”

“Bunu sülhün cəlbedici formada təbliğ edilməsi siyasəti adlandırmaq olar”

“Hesab edirəm ki, bu indi aktual bir mövzudur. Çünki bununla yanaşı, “3+3  formatı” barəsində də fikirlər səslənir. Bu baxımdan danışıqlar lazımi vaxtda baş verəcək”

Bu gün Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin  görüşü baş tutacaq.
Türkiyənin Ermənistanla danışıqlar üzrə xüsusi nümayəndəsi Serdar Kılıç və Ermənistanın Türkiyə üzrə nümayəndəsi Ruben Rubinyan ilk görüş üçün Rusiyanın paytaxtı Moskva şəhərində səfərdədirlər. Nümayəndə heyətləri ikitərəfli münasibətlərin normallaşdırılması üzrə iki ölkənin xüsusi nümayəndələrinin ilk görüşünün keçiriləcəyi Moskvada Rusiya Xarici İşlər Nazirliyinin qəbul evinə gəlib.

Görüşlə bağlı Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar tvitterdə bu görüşü müsbət qiymətləndirdiyini qeyd edib: "Ermənistan və Türkiyə nümayəndələrinin Moskvada görüşü ilə bağlı xəbərləri alqışlayıram. Münasibətlərin normallaşdırılması və kommunikasiyaların açılması Aİ-nin hərtərəfli dəstəklədiyi mühüm məqsəddir”.
Azərbaycan tərəfi də bu məsələyə müsbət  münasibət  bildirib. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev rəhbərlik etdiyi qurumda Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 12-də yerli mediaya verdiyi müsahibəsi zamanı səsləndirilmiş əsas fikirlərə dair açıq müzakirələrdə bu haqda danışıb:

“Bu gün Moskvada Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin görüşü keçiriləcək. Azərbaycan bunu indi dəstəkləyir. Ermənistanın indiki siyasəti üçüncü dövlətlər tərəfindən müəyyən olunur. Bəzi dövlətlər Azərbaycan və Ermənistan arasında, o cümlədən Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istəmirlər”.

 Görüşü “Sherg.az”a şərh edən keçmiş XİN başçısı Tofiq Zülfüqarov bildirib ki, bu görüşü müsbət hal hesab edir:

“Birincisi, onu qeyd etmək lazımdır ki, Türkiyə İkinci Qarabağ müharibəsindən sonrakı mərhələdə Ermənistana yeni münasibət sərgiləmək istəyir. Bunu sülhün cəlbedici formada təbliğ edilməsi siyasəti adlandırmaq olar. Hesab edirəm ki, bu indi aktual bir mövzudur. Çünki bununla yanaşı, “3+3  formatı” barəsində də fikirlər səslənir. Bu baxımdan danışıqlar lazımi vaxtda baş verəcək”.

T.Zülfüqarov vurğulayıb ki, bu prosesin ən fəal iştirakçısı Türkiyədir:

 “Amma Türkiyə-Ermənistan əlaqələri o səviyyədədir ki, Ermənistan və Rusiyanın vasitəçiliyi ilə Moskvada hansısa görüşlər keçirilə bilər. Elə etmək lazımdır ki, bəzi görüş və danışıqlar Türkiyə ərazisində keçirilsin”.   

  Çimnaz ŞAHLAR