Moskvada 1 saat yarımlıq görüş baş tutdu

Türkiyə-Ermənistan dialoqu heç bir ilkin şərt olmadan davam etdiriləcək

"Ankara Moskva variantına ona görə etiraz etmədi ki, həm İrəvana ilk görüşü pozmaq üçün bəhanə verməsin, həm də Kremli qıcıqlandırmasın"

Türkiyə və Ermənistanın münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndələri - Serdar Kılıç və Ruben Rubinyan dünən Moskvada bir araya gəliblər. İlk görüş təxminən 1,5 saat davam edib. Görüşdə iki ölkə arasında münasibətlərin normallaşdırılması müzakirə olunub. Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilib ki, xüsusi nümayəndələr arasındakı ilk görüş müsbət və konstruktiv atmosferdə keçirilib. Görüşdə Türkiyə və Ermənistan arasında dialoq yolu ilə aparılacaq normallaşma prosesinə yönəlik olaraq ilkin fikir mübadiləsi aparılıb. 

Tərəflər müzakirələri tam normallaşma hədəfi ilə ilkin şərt olmadan davam etdirmək xüsusunda razılaşıblar. Xüsusi nümayəndələr arasında ikinci görüşün yeri və tarixi diplomatik kanallarla sonradan müəyyənləşəcək. Rusiyanın Xarici işlər naziri Sergey Lavrov bildirib ki, Moskva Ankara və İrəvana birbaşa dialoq qurmağa yardımçı olur və bunun uğurlu olacağına ümid edir: “Türkiyə və Ermənistan həqiqətən də nizamlanma məsələləri üzrə öz xüsusi nümayəndələrini təyin ediblər. Rusiya belə bir razılaşmanın əldə olunmasına kömək etdi və biz çox şadıq ki, ilk görüş Moskvada keçirildi. Bizim rolumuz birbaşa dialoqun qurulmasına kömək etməkdir. Ümid edirəm ki, uğurlu olacaq”. Lavrov qeyd edib ki, Türkiyə-Ermənistan dialoqu Cənubi Qafqazda vəziyyətin normallaşmasına kömək edir. Ermənistan XİN-in mətbuat katibi Vahan Hunanyan isə bildirib ki, Ermənistanın bu dialoqdan gözləntiləri 1990-cı illərdən bəri mövcud olan gözləntilərlə eynidir: “Biz gözləyirik ki, proses nəticəsində Türkiyə tərəfindən birtərəfli qaydada bağlanmış sərhəd yenidən açılacaq. Ermənistan hər zaman bəyan edib ki, heç bir ilkin şərt olmadan Türkiyə ilə münasibətləri normallaşdırmağa hazırdır”. 

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, ilk görüşün Moskvada keçirilməsini İrəvan Ankaradan xahiş etmişdi. Ekspertə görə, İrəvan ilk görüş yeri kimi Moskvanı seçməklə Rusiyanın istəyi xaricində addım atmayacağını Kremlə büruzə vermiş oldu: 

“Ankara isə Moskva variantına ona görə etiraz etmədi ki, həm İrəvana ilk görüşü pozmaq üçün bəhanə verməsin, həm də Kremli qıcıqlandırmasın. Ancaq növbəti görüş başqa məkanda keçirilməlidir. Əgər tərəflər dialoqun genişlənməsində maraqlıdırlarsa, növbəti görüş məkanları növbə ilə İrəvan və Ankara seçilməlidir. Yox əgər İrəvan dialoqun genişlənməsindən ehtiyat edirsə Avropa şəhərlərindən birini seçməyə üstünlük verəcək”. 

E.Şahinoğlu qeyd edib ki, ilk görüşdə müzakirə olunan mövzular hələ ki, nəbz yoxlamasıdır: “Ermənistan Türkiyə ilə sərhədin açılmasını, diplomatik münasibətlərin qurulmasını istəyirsə, Türkiyəyə qarşı ərazi iddiasından imtina etməli, Konstitusiyasına əl gəzdirməli və “erməni soyqırımının” tanınması vasitəsilə Türkiyəyə təzyiq siyasətindən vaz keçməlidir. Ermənistan hələ ki, Türkiyənin bu şətlərini qəbul etməyə hazır deyil. Ona görə də danışıqlar və müzakirələr hələ uzun müddət davam edəcək”.