"Azərbaycanda partiya üzvlərinin çoxunun yaşı 60-dan yuxarıdır"  - Tural Abbaslı 

“Parlamentə də qazan, kartof, qatıq satanlar cəmləşib, danışdıqlarının məsuliyyətini dərk etmirlər"

  Siyasi partiyalar dövlətin demokratik baxışlarının təzahürüdür. Ümumilli dəyərləri özlərində cəmləşdirən, vətəndaşın siyasi sferada rolunu təmin edən ən vacib qurumlardandır. Ölkədə 56 partiya fəaliyyət göstərir. Çoxusu işlərini görə bilmir.  Həmçinin gənc kadrlara ya çox az yer verilir, ya da heç verilmir.

Niyə partiyaların çoxu fəaliyyətsiz görünür, səbəblər nədir? 

Sualımızı cavablandıran AĞ Partiyanın sədri Tural Abbaslı Sherg.az-a deyib ki, partiyalarla bağlı problem qlobaldır və bu hərtərəfli analiz olunmalıdır:
“Təəssüf ki, problemin gələcəkdə nə kimi fəsadlar yaradacağını da düşünə bilmirik. Partiya sisteminin sıradan çıxması, gənclərin siyasi fəaliyyətə maraq göstərməməsi, təşkilatların zəifləməsi, bir çoxunun defakto ləğv olunması, dövlətin ictimai-siyasi həyatında rol oynamaması təhlükəsizlik məsələsidir. Partiya üzvlərinin çoxunun yaşı altmışdan yuxarıdır. 10 il sonra bu insanlar normal fəaliyyət göstərə bilməyəcəklər. Gənc kadrlara mütləq şərait yaradılmalıdır.

Tural Abbaslı partiya sisteminin xüsusi bir məktəb olduğunu vurğulayıb:

“Bəs, dövlətin bu qədər postları, bu qədər siyasi vəzifələri,  kimlərə veriləcək?  Heç bir tədqiqatçılığı olmayan, idarəçilikdə formalaşmayan insanlaramı həvalə olunacaq? Ona görə də, partiyalara təkcə siyasi rəqabət prizmasından baxılmamalıdır. Həm də dövlətin təhlükəsizliyi məsələsini təmin edən, milli kadrları yetişdirən bir məktəb kimi baxmaq lazımdır. Mətbuat yaranandan jurnalistikanın hər sahəsi üçün məktəb formalaşdırılıb. Lakin siyasi partiyalarla bağlı biz belə bir vəziyyəti görə bilmirik. Bu da problemlər yaradır”.  

Partiya sədri parlamentdə fərqli insanların olduğunu qeyd edib:

“Parlamentin tərkibində qazan, kartof, qatıq və s. satanlar cəmləşib. Danışdıqlarının da məsuliyyətini dərk etmirlər. Deputatın biri siyasətə qarışmadığını deyir, biri  çörəyin qiymətinin qalxmasını dilə gətirmir. Bunların qarşısını almaq üçün dövlət xüsusi proqram qəbul etməlidir.  Partiyalar arasında qanun real siyasi şəraitə uyğunlaşdırılmalıdır. Kəmiyyət və keyfiyyət fərqinə fikir verilməlidir. Şərtlər müəyyən olunmalıdır. Ola bilsin, həmin şərtlər sərt olsun.  Hansı partiya bunlara düzgün əməl edərsə, fəaliyyəti üçün dövlət tərəfindən bütün şərait yaradılmalıdır”.  

Tural Abbaslı fəsadlardan da söz açıb:

“Öz partiyalarına sahib çıxmayan dövlətin partiyalarına sahiblənəcək dövlətlər tapılacaq. Sözümü nəyə gətirirəm, Azərbaycan İslam Partiyasının 2  rəhbəri vətənə xəyanətə görə həbsdədir. Digər partiya sədri başqa bir dövlətə xidmət edir. Ona görə dövlətin partiyalara yanaşma tərzi mütləq dəyişməlidir”.

 Cəmilə ƏZİM