“Şuşa Bəyannaməsi” ratifikasiya olunacaq! - “Yeni risklər müşahidə olunur” 

“Türkiyə ilə imzalanan Bəyannamənin ratifikasiyası tərəflər üzərinə qoyulan öhdəliklərin hüquqi çərçivələrini genişləndirir”


Milli Məclisin yaz sessiyasının fevralın 1- də keçiriləcək ilk plenar iclasının gündəliyi açıqlanıb. İclasın gündəliyinə 12 məsələ daxil edilib. Gündəlikdə Şuşa Bəyannaməsinin təsdiq edilməsi məsələsi də var. 

Xatırladırıq ki, bəyannamə 2021-ci il iyunun 15-də Şuşada Azərbaycan Republikasının prezidenti İlham Əliyev və Türkiyə Republikasının prezidenti Rəcəb Tayyib Ərdoğan arasında imzalanıb. Bəyannamənin məqsədi Türkiyə ilə Azərbaycan arasındakı müttəfiqlik münasibətlərini tənzimləməkdir.

Ratifikasiyanın önəmini artıran səbəbləri "Sherg.az"a açıqlayan siyasi şərhçi Aqşin Kərimov bildirib ki, bölgədə yeni risklər müşahidə olunur:

“Şuşa Bəyannaməsi” parlamentdə ratifikasiya olunmazdan öncə də hüquqi qüvvəyə malik idi. Bəyannamə dövlətlərarası münasibətdə müqavilənin bir növü hesab olunur, hərçənd ki, “Şuşa Bəyannaməsi” özü də 2010-cu ildə imzalanan Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım haqqında Müqavilənin yeni situasiyaya uyğun məntiqi davamıdır.
“Şuşa Bəyannaməsi” Cənubi Qafqazda yaranan yeni reallığın öz yedəyində gətirdiyi risklərə qarşı birgə reaksiyadır. Görünür ki, bölgədə yeni təhlükə riskləri olduğundan “Şuşa Bəyannaməsi”nin hüquqi qüvvəsinin gücünü artırmaq hədəflənir. Buna görə də, “Şuşa Bəyannaməsi” Milli Məclisdə ratifikasiya olunacaq. 

Təsdiqlənməyə dair prosedur qaydasının gündəmə gəlməsi daha çox MDB məkanında cərəyan edən hadisələrlə əlaqədardır. 

Türkiyə ilə imzalanan Bəyannamənin ratifikasiyası tərəflər üzərinə qoyulan öhdəliklərin hüquqi çərçivələrini genişləndirir”.

Xanlar ƏLİBƏY