Böyük Britaniya Rusiyaya 65 yeni sanksiya hazırlayıb

Bu gün Belçikanın paytaxtı Brüsseldə keçirilən NATO sammitində Rusiyanın Ukraynaya təcavüzünə qarşı elan edilməsi gözlənilən yeni sanksiyalardan birincisi Böyük Britaniyadan gəlib.

“Sherg.az” Hürriyet-ə istinadən xəbər verir ki, Böyük Britaniyanın xarici işlər naziri Rusiyaya qarşı 65 yeni sanksiya hazırlandığını elan edib.

 Yeni sanksiyalar Vladimir Putinin şəxsi ordusu kimi görünən yarımhərbi təşkilat “Vaqner Qrupu”nu, strateji sektorları, bankları və biznes elitasını hədəf alıb. 

Bildirilib ki, “Vaqner Qrupu” Ukrayna prezidenti Volodimir Zelenskinin öldürülməsi ilə məşğul olub. Strateji sektorlara çoxsaylı müdafiə şirkətləri və Rusiya Dəmir Yolları daxildir. Həmtəsisçiləri arasında rusiyalı oliqarxlar Mixail Fridman, Petr Aven və German Khanın da olduğu Alfa Bank da daxil olmaqla, daha altı bank yeni sanksiyaların hədəfindədir.
Sanksiyaya məruz qalanlar arasında milyarder “neft maqnatı” Yevgeni Şvidler, “Tinkoff” bankının təsisçisi Oleq Tinkov, Rusiyanın ən böyük bankı “Sberbank”ın baş direktoru Herman Qref da var.

 Digər diqqətçəkən şəxslərdən biri də sanksiyalara məruz qalmış Rusiyanın xarici işlər naziri Lavrovun ögey qızı Polina Kovalevadır. 
Lavrovun ögey qızının İngiltərənin paytaxtı Londonda 4 milyon funt-sterlinq dəyərində evi olduğu bildirilir. Rusiya tərəfindən Melitopolun “meri” təyin edilən Qalina Danilçenkoya da sanksiya verilib.

Sanksiyaya məruz qalan şəxslərin Böyük Britaniyadakı aktivləri dondurulub və onların Böyük Britaniyaya  səfərləri qadağan edilib. 

Sammitdə iştirak edən Britaniyanın baş naziri Boris Conson, müttəfiqlərin Ukraynaya dəstəyini artırmalı və Putin tərəfdarlarına qarşı sanksiyaların sərtləşdirməli olduğunu qeyd edib.