Rusiyasız sülh mümkün olmayacaq

Ermənistan süni gərginlik yaradaraq həm Qərblə, həm də Azərbaycanla siyasi alver etmək istəyir

Xarici işlər naziri Ceyhun Bayramov aprelin 6-da Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan və Ermənistan rəhbərliyi arasında Brüsseldə keçiriləcək görüşə münasibət bildirib. XİN rəhbəri Azərbaycanın mövqeyini bir daha bəyan edib. Xatırladıb ki, 30 illik işğala son qoyulandan və üçtərəfli bəyanatın imzalanmasından qısa müddət sonra rəsmi Bakı dəfələrlə münasibətlərin normallaşması istiqamətində ciddi addımların atılmasına hazır olduğunu bəyan edib. Lakin Azərbaycan ötən bir il ərzində Ermənistan tərəfindən heç bir real qarşılıq görməyib: 

“Bu il fevral ayının 21-də Azərbaycan tərəfi daha spesifik, konkret və sadə bir sənədi Ermənistan tərəfinə göndərib. Bu sənəd Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını özündə ehtiva edən əsas beş baza təməl prinsiplərini əks etdirir. Biz çox konkret bir təklif vermişik”. Xatırladaq ki, İrəvan tərəfi 5 baza prinsiplərinin normal olduğunu etiraf etmişdi. Hətta Baş nazir Nikol Paşinyanla yanaşı, digər hökumət üzləri də Azərbaycanla yekun sülhün imzalanmasında, sərhədlərin tezliklə müəyyənləşməsində maraqlı olduqlarını bəyan etmişdilər. Lakin Brüssel görüşü gündəmə gələndən sonra Ermənistan rəsmiləri məqsədli şəkildə qərəzli, absurd açıqlamalar verməyə başladılar. İrəvan rəsmiləri Azərbaycanın Fərrux yüksəkliyini “işğal” etdiyini, guya, erməniləri oradan qovduqlarını iddia etdilər. Bununla yanaşı, “ATƏT-in Minsk qrupunun həmsədrləri də yenidən prosesə cəlb olunmalıdır” tələbləri də səslənməyə başladı. O səbəbdən əksər ekspertlərin fikrincə, ikinci Brüssel görüşündən ciddi nəticə gözləməyə dəyməz. 

Şübhəsiz, Ermənistan və Azərbaycan arasında davamlı sülhün bağlanması, ərazi iddialarının olmaması barədə rəsmi sənədin imzalanması çox vacibdir. Əgər belə bir sənəd olarsa, bölgədə iqtisadi münasibətlərin daha da səmərəli aparılması üçün kommunikasiyaların qarşılıqlı şəkildə açılması və genişlənməsi mümkündür. Amma sözdə sülh “tərəfdarı” olan Ermənistanın əməldə danışıqlardan boyun qaçırması prosesin irəliyə doğru getməsinə imkan vermir. Ekspertlərin fikrincə, Ermənistanda siyasi hakimiyyətin zəif olması, İrəvana təsir edən xarici qüvvələrin çoxluğu, xüsusilə ölkədəki revanşist qüvvələr Nikol Paşinyanı sülhlə bağlı addımlar atmaqdan çəkindirir. Ancaq Ermənistanın manevrləri mənasız və məntiqsizdir. Azərbaycan gec-tez Ermənistanı sülhə məcbur edəcək.

Brüssel görüşü ərəfəsində Ermənistan rəhbərliyinin pozucu açıqlamalarını şərh edən politoloq İlqar Vəlizadə “Şərq”ə deyib ki, İrəvanın məntiqini anlamaq çox çətindir. Ekspert vurğulayıb ki, Ermənistan rəsmilərinin demək olar ki, əksər açıqlamaları ziddiyyətli və məntiqsizdir:

 “Hadisələrin gedişi göstərir ki, Ermənistan tərəfi önəmli görüşlərdən, mühüm təmaslardan öncə neqativ, pozucu bəyanatlar verməyə adət edib. Məqsəd süni gərginlik yaradaraq həm Qərblə, həm də Azərbaycanla siyasi alver etməkdir. Əvvəllər bu “ticarəti” həmsədr ölkələrlə edirdilər. Ermənistanın qayəsi odur ki, Qarabağ ermənilərinin “təhlükəsizliyini” təmin etmək adı ilə siyasi şərtlər irəli sürsün. Siyasi şərtlərin ermənilərə görə ən önəmlisi “status” məsələsinin müzakirəsinə nail olmaq, bunu danışıqların gündəliyinə salmaqdır. Fərrux və digər məsələləri qabardaraq iddia edirlər ki, “baxın, status olmadan ermənilər Qarabağda yaşaya bilməzlər”. 

Analitik vurğulayıb ki, Avropa İttifaqının fəallaşması Rusiyanın proseslərdən kənarda qalması fikrini yaratsa da, əslində bu belə deyil: 

“Biz Rusiya diplomatiyasının baş verən proseslər fonunda fəallaşmasını müşahidə edirik. Rusiya prezidenti ilə Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşü öncəsi telefon danışıqları bu prosesin tərkib hissəsidir. Danışıqlar zamanı kompleks məsələlər müzakirə edilib. Baxmayaraq ki, Brüssel görüşünün təşkilatçısı Rusiya deyil, ancaq bütün proseslərdə aparıcı rol oynayır. Bundan əvvəl təşkil edilmiş Brüssel görüşündə də Rusiyanın iştirakçılığı ilə imzalanmış üçtərəfli bəyanatlara istinad olunurdu. Hazırda Azərbaycan-Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyası gündəmdədir. Moskva məsələ ilə bağlı tərəflərə öz vasitəçiliyini təklif edib. Yəni regionda məsələlərin reallaşması praktiki olaraq Rusiyasız mümkün deyil”.