QHT-lərin səsi artıq Şuşadan gələcək


Rauf Zeyni: "Bizə tələb olunan dəstək verilsin ki, ən yüksək səviyyədə fəaliyyətimizi tənzimləyək"
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının Şuşa şəhərində növbəti iclası keçirilib.

Toplantını Müşahidə Şurasının sədr müavini, Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev açıb. Sədr müavini "Şuşa ili"nə həsr edilmiş xüsusi qrant müsabiqəsi və 2022-ci il üçün kiçik qrant müsabiqələrinin mövzuları barədə fikirlərini bildirib. Həmçinin QHT-lərin hər iki müsabiqəyə ictimai əhəmiyyət kəsb edən layihələr təqdim edəcəyinə əmin olduğunu qeyd edib. 

Yığıncaqda Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov qonaq qismində iştirak edib. O, çıxışı zamanı Agentliyin “Şuşa ili"nə həsr edilmiş qrant müsabiqəsi keçirməsindən məmnun olduğunu vurğulayıb. A.Kərimov bu məqsədlə birgə müzakirənin təşkil edilməsinin səmərəli olduğunu da bildirib.

Müşahidə Şurasının üzvləri müsabiqə mövzuları ətrafında müzakirələr aparıblar. Müvafiq qərarlar qəbul ediblər.

Qeyd edək ki, Agentlik yaxın günlərdə hər iki müsabiqəyə layihələrin qəbulunu elan edəcək.
Azərbaycan Milli QHT Forumunun sədri Rauf Zeyni "Şərq"ə açıqlamasında bildirib ki, ölkə prezidenti bu ili "Şuşa İli" elan edib:

"2023-cü ildə Şuşa şəhəri başımızın tacı olaraq "Türk dünyasının mədəniyyət paytaxtı" seçilib. QHT-lərə Dövlət dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini, icraçı direktoru və Müşahidə Şurasının üzvlərinin də iştirakı ilə Şuşa şəhərində tarixi iclasın keçirilməsi, bu ilə həsr olunmuş layihələrin elan edilməsi, o cümlədən cari il üçün müzakirə və nəzərdə tutulan fəaliyyət planlarının gələcəkdə elan olunması vətəndaş QHT-lər və vətəndaş cəmiyyətinin birbaşa diqqət mərkəzində olan məsələdir. Arada müəyyən fasilələrin, problemlərin olmasına baxmayaraq bu ildən QHT-lərə davamlı, dayanıqlı və stabil qrantların verilməsinin tərəfdarıyıq. Xüsusilə, dövlətçilik, azərbaycançılıq və ölkəmizin milli maraqları ilə əlaqədar olaraq aktivlik göstərən, həmçinin ölkədə və beynəlxalq aləmdə xüsusi nüfuzu olan, eyni zamanda bir çox layihələrə imza atmış təşkilatlar mövcuddur.

  Onların əlbəttə ki, çox böyük gözləntiləri var. Həm Şuşa ili, həm də bütövlükdə illik fəaliyyət barədə indiki aydan etibarən elanları izləyir, gözləyirik. Bizə tələb olunan dəstək verilsin ki, ən yüksək səviyyədə fəaliyyətimizi tənzimləyək".