Azərbaycanda it-pişik yemləri niyə bahalaşır?

Azərbaycana idxal edilən it-pişik yemlərinin 70 %-i Rusiyanın payına düşür. Son ay yarım ərzində mövcud problemlərə görə qonşu dövlətdən idxal olunan digər məhsullar kimi, bu yemlərin də tədarükündə risklərin ola bilmə ehtimalı ortaya çıxıb.

Çünki Rusiyanın özündə belə yaxın müddət ərzində heyvan yemi çatışmazlığı gözlənilir. Orada daxili bazar iştirakçıları tələbatın artdığını qeyd edirlər. Bəzi ekspertlər yem çatışmazlığını Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") onların bəzi növlərinin idxalına məhdudiyyət qoyması ilə də əlaqələndirirlər. Həmin qərar ötən ilin yayından etibarən qüvvədədir.

Baş verənlər fonunda Rusiyada ev heyvanları üçün quru yemin qiyməti nəzərəçarpacaq dərəcədə artıb - bəzi məhsullar üçün qiymət bir həftə ərzində iki dəfə yüksəlib.

Avropadan Rusiya bazarına tədarüklə bağlı problemlər də var - nəqliyyat tapmaq və təchizatçılara ödəniş təşkil etmək çətindir. Bu baxımdan, Rusiya yem istehsalçıları idxal olunan xammal çatışmazlığı ilə üzləşə bilərlər.

Daxili bazarda belə problemlərlə üzləşən Rusiyanın indiki şəraitdə Azərbaycana hansı şəkildə məhsul göndərəcəyi sual altındadır.