Brüssel görüşü! – Sülhün təməlləri atıldı:“Azərbaycanın  ilkin 5 şərti...”

“Xarici işlər nazirlərinə barışıqla bağlı araşdırma komissiyası qurmaq tapşırıldı”

“O zaman xarici dövlətlər iki tərəfin münasibətlərindən təxribat törətmək, bizə qarşı siyasi təzyiq etmək, inkişaf yolundan geri döndərmək və s. üçün istifadə etməyi bacarmayacaqlar”

“Avropa İttifaqının vasitəçiliyi ilə sülhə doğru addımlayacağıq. Qərblə siyasi, iqtisadi, mədəni və s. əlaqələri rahat şəkildə inkişaf etdirə biləcəyik”


Aprelin 6-da  Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş baş tutub. Görüşdə bir sıra qərarlar qəbul edilib.  Danışıqların nəticəsinə uyğun olaraq  Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanması və bununla bağlı işçi qrupunun yaradılması həyata keçiriləcək. 

Məsələ ilə əlaqədar Azərbaycan və Ermənistan XİN-lərinə müvafiq təlimatlar verilib. Sülh razılaşmasının əsas komponenti Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif və bunun əsasında predmetli danışıqların aparılmasıdır. Bu sənəddə əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür. Tərəflərin sərhəd məsələləri üzrə birgə komissiya yaratması, birinci növbədə sərhədlərin delimitasiya prosesinə başlaması barədə razılıq əldə olunub. Bunun nəticəsi olaraq sərhəddə gərginlik aradan qaldırılacaq.

Qeyd edək ki, ilk üçtərəfli görüş 2021-ci il dekabrın 14-də keçirilib, bununla da Prezident İlham Əliyev və Şarl Mişel tərəfindən Brüssel sülh gündəliyinin əsası qoyulub.  Bunun davamı olaraq tərəflər arasında intensiv təmaslar aparılıb, telefon danışıqları reallaşıb. 

Brüssel görüşünün Azərbaycan üçün bir çox faydaları olacağını “Sherg.az”a izah edən siyasi şərhçi Turab Rzayev bundan sonra sərhəd təxribatlarının ola bilməyəcəyini vurğulayıb:

“Nəhayət ki, ölkəmiz və Ermənistan arasında delimitasiya və demarkasiya ilə bağlı yekun qərar verilib. Artıq bu iki ölkə arasında sərhədin haradan keçdiyi bilinəcək. Bu bizə nə üstünlük verir? Ermənistan tərəfi müdaxilə edə bilməyəcək. Daimi olaraq həm müvəqqəti rus sülhməramlılarının nəzarətində olan bölgələrdən, həm də rəsmi İrəvan tərəfindən Azərbaycana qarşı təxribat törədilirdi. Rus sülhməramlıları tərəfindən baş verən provokasiyaların günahkarı birbaşa həmin sülhməramlılar və Rusiya dövlətidir”.

Siyasi şərhçi hesab edir ki, sülhlə bağlı addımın atılması digər üstünlükdür:

“Xarici işlər nazirlərinə barışıqla bağlı araşdırma komissiyası qurmaq tapşırıldı. Azərbaycan ilkin 5 şərtini bildirib, rəsmi İrəvan da xüsusi bir etiraz etməyib. Bununla da bu iki ölkə arasında sülhün ilkin təməlləri atılacaq. 

O zaman xarici dövlətlər iki tərəfin münasibətlərindən təxribat törətmək, bizə qarşı siyasi təzyiq etmək, inkişaf yolundan geri döndərmək və s. üçün istifadə etməyi bacarmayacaqlar. 

Avropa İttifaqının vasitəçiliyi ilə sülhə doğru addımlayacağıq. Qərblə siyasi, iqtisadi, mədəni və s. əlaqələri rahat şəkildə inkişaf etdirə biləcəyik”.